Quru sərhədləri Yeni ildən sonra açılacaq? - Deputat açıqladı
Sosial
Azərbaycanda xüsusi karantin rejimi ilə yanaşı, qurudan dövlət sərhədlərinin bağlı olması da uzun zamandır ki, davam edir. Quru sərhədlər 2020-ci ilin mart ayından - pandemiyanın başlanğıc dövründən etibarən bağlanıb və o vaxtdan bəri yalnız hava nəqliyyatı vasitəsilə gediş-gəlişə icazə verilir. Son beş il ərzində bu məhdudiyyət bir neçə dəfə uzadılıb.
Maraqlıdır, yeni ildən quru sərhədlər açıla bilərmi?
Məsələ ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Aydın Mirzəzadə News24.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin bağlı saxlanılması təkcə pandemiya ilə deyil, həm də təhlükəsizlik amilləri ilə əlaqədardır:
"Bu qərar dövlətin strateji maraqları və regionda mövcud olan ümumi vəziyyət nəzərə alınmaqla qəbul olunur. Bizim quru sərhədlərimiz bağlıdır. Koronavirus dövründən bəri bu məhdudiyyət qüvvədə saxlanılır. Amma bu yalnız sanitar və karantin səbəbləri ilə izah olunmur. Burada müəyyən təhlükəsizlik məsələləri də rol oynayır. Hökumət ölkənin daxili sabitliyini, sərhədlərin təhlükəsizliyini və regional prosesləri nəzərə alaraq addımlar atır. Ona görə də hər hansı qərar qəbul olunmazdan əvvəl bütün amillər diqqətlə qiymətləndirilir".
Aydın Mirzəzadənin fikrincə, hazırda quru sərhədlərinin bağlı qalması əhalinin və dövlətin təhlükəsizliyi baxımından məqsədəuyğundur, lakin vəziyyət imkan verərsə, yaxın gələcəkdə bu istiqamətdə müsbət addımlar atıla bilər:
“Bildiyimiz kimi son qərara əsasən quru sərhədlərin bağlı qalma müddəti 2026-cı il 1 yanvaradək uzadılıb. Əgər bu müddət ərzində regionda vəziyyət sabit qalsa, heç bir fövqəladə hal və ya risk yaranmasa, quru sərhədlərinin açılması tamamilə mümkündür. Hökumət də bu məsələyə ehtiyatla, amma dinamik şəkildə yanaşır”.
Deputat əlavə edib ki, sərhədlərin açılması həm sosial, həm də iqtisadi baxımdan vacibdir və qərar qəbul edilərkən vətəndaşların maraqları da nəzərə alınacaq.