Rəşad Çobanlının tibbi təhsili yoxdur? - TƏBİB-dən açıqlama
Sosial
TƏBİB İlkin Səhiyyə Departamenti rəhbərinin tibbi təhsilinin olmaması barədə yayılan iddialara aydınlıq gətirib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib ki, qurumun İlkin Səhiyyə Departamentinin rəhbəri Rəşad Çobanlı 2010–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsində təhsil alıb və “həkim” ali peşə-ixtisas dərəcəsi əldə edib:
"2015–2017-ci illərdə müxtəlif yerli və beynəlxalq idman yarışlarında tibbi xidmət üzrə mütəxəssis kimi çalışıb, 2017–2020-ci illərdə Azərbaycan Milli Anti-Dopinq Agentliyində tibb və antidopinq xidmətləri üzrə beynəlxalq dərəcəli mütəxəssis qismində fəaliyyət göstərib.
2017–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Səhiyyənin idarəedilməsi üzrə MBA proqramını bitirib, təhsil dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində əmək fəaliyyətinə başlayıb. Agentlikdə strateji inkişaf, tibbi-iqtisadi təhlillər, icbari tibbi sığorta modelinin tətbiqi və maliyyələşdirilməsi, beynəlxalq layihələr, COVID19 üzrə koordinasiya və ilkin səhiyyə xidmətinin inkişafı kimi istiqamətlər üzrə çalışmışdır. 2018–2022-ci illərdə müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib, 2022-ci ildən Analitika və statistika şöbəsinin müdiri olub.
Rəşad Çobanlı 2020-ci ildən AMEA İqtisadiyyat İnstitutunda doktorantura üzrə təhsilini davam etdirir, eyni zamanda 2021–2025-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil alıb.
Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində ötən il TƏBİB-də İlkin Səhiyyə Departamenti yaradılmış və bu sahədə təcrübəsi, eləcə də tibb, iqtisadiyyat, idarəetmə və hüquq üzrə çoxşaxəli hazırlığı nəzərə alınaraq departamentə rəhbərlik Rəşad Çobanlıya həvalə edilib".
"Bu məlumatlar Rəşad Çobanlının tibbi təhsili olmadığı barədə iddiaların əsassız olduğunu göstərir", - deyə TƏBİB-in məlumatında bildirilib.
Qeyd edək ki, teleqraf.az saytının verdiyi xəbərə görə, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Məlumatda bildirilib ki, o daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib:
"Lakin bu onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir. Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır", - deyə qeyd edilib.