Vüqar Qurbanov yeni mərkəzlərdən danışdı

Vüqar Qurbanov yeni mərkəzlərdən danışdı Sosial

"Təqdim edilən iki mərkəz Azərbaycan səhiyyəsinin transformasiya mərhələsində strateji əhəmiyyət daşıyan layihələrdir".

News24.az xəbər verir ki, bu sözləri Yeni Robotik Reabilitasiya və Hemotologiya-Sümük İliyi Transplantasiya mərkəzlərinin açılışına dair keçirilən brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, geniş ərazidə fəaliyyətə başlayan Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycan üçün yeni reabilitasiya modelinin əsasını qoyur: "Burada məqsəd yalnız xəstələrin bərpasını təmin etmək deyil, həm də əlillik səviyyəsinin azaldılması, pasiyentlərin funksional müstəqilliyinin artırılması, insanın hərəkət imkanlarının maksimum səviyyəyə çatdırılması və reabilitasiyanın sistemli şəkildə vahid protokollar üzrə aparılmasıdır.

Bu gün təqdim etdiyimiz digər mühüm struktur - Sümük İliyi Transplantasiyası Mərkəzidir. Bu mərkəz həyat xilas edən xidmətlərin ölkə daxilində müasir səviyyədə təşkilinə yönəlib.

Azərbaycanda hər il təxminən 150–200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək bu mərkəz həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq” – deyə V.Qurbanov qeyd edib.