Xocalı görüşündə nələr yaşandı? –  Kreml Bakının şərtlərini qəbul etdi
    • 1-03-2023, 15:57
    • 168

Xocalı görüşündə nələr yaşandı? – Kreml Bakının şərtlərini qəbul etdi

"Əslində belə bir görüşün keçirilməsi əvvəlcədən də gözlənilirdi. Çünki rəsmi Bakı tərəfindən dəfələrlə bildirilmişdir ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan cəmiyyətinə tezliklə inteqrasiya olunmalıdırlar".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Turan Rzayev Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşünü şərh edərkən deyib. Politoloq qeyd edib ki, bu görüşlə Bakı prosesi ən qısa zamanda bitirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirdi:

"Hesab edirəm ki, görüş zamanı bir sıra mövzular müzakirə olundu. Hesab edirəm ki, Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan təhlükəsizlik qüvvələrinin də nəzarət etməsi də müzairə olunan məsələlər sırasında birinci yerdə idi.  Həmçinin,  Ermənistandan Qarabağa silah-sursat və bu qəbildən daşınmaların dayandırılması, Azərbaycan torpaqlarının qanunsuz istismarı və Ermənistana təbii sərvətlərin qanunsuz daşınması, Şuşa-Xankəndi yolunda davam edən aksiya iştirakçılarının tələblərinin yerinə yetirilməsi də müzakirələr olunan məsələrdəndir".

Politoloqun sözlərinə görə, görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra baş verməsi Kremlin Bakının şərtlərini qəbul etdiyini göstərir:

"Fikrimcə, erməni əsilli sakinlərin təmsilçiləri ilə görüşlərin bundan sonra da keçiriləcək. Bakı prosesin ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində yekunlaşmasında maraqlıdır".

Aynurə FATEH