Küsülü olduğu qonşusunun başına pivə şüşəsi çırpdı
    • 3-03-2023, 13:36
    • 415

Küsülü olduğu qonşusunun başına pivə şüşəsi çırpdı

Qusarda küsülü qonşular arasındakı mübahisə qanlı dava ilə başa çatıb.

News24.az-ın əldə etiyi məlumata görə, hadisə rayonun Kuzun qışlaq kəndində baş verib. Həmin kənd sakini olan 1960-cı il təvəllüdlü Heydər Novruzbəyov küçədə sərxoş halda xeyli vaxtdır küsülü olduğu qonşusu Radif İsabalayevlə (soyadlar şərtidir) mübahisə edib. Bu zaman onlar dalaşıblar və Heydər əlindəki pivə şüşəsini Radifin başına çırpıb. Daha sonra yerdə süpürləşən qonşuları ailə üzvləri ayırıb.

Başı və bədəni qan içində olan Radif dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilərək onun başına 6 tikiş qoyulub. O, 3 gün Qusar rayon Mərkəzi Xəstəxanasında saxlanıldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Heydər Novruzbəyov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb. Daha sonra qonşular arasnda barışıq əldə edilib.

Daha sonra cinayət işi Qusar rayon məhkəməsinə göndərilib. Məhkəmədə Radif barışıq əldə olunmasını bildirərək qonşusunun həbs olunmadan cəzalandırılmasını xahiş edib.

Bir neçə gün əvvəl məhkəmə hadisə ilə bağlı hökm çıxarıb və Heydər Novruzbəyova 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Taleh BAĞIROV