Azərbaycanda restoranda dava – Araq butulkasını başına çırpdılar
    • 3-02-2022, 11:25
    • 732

Azərbaycanda restoranda dava – Araq butulkasını başına çırpdılar

Quba rayonunda restoranda baş vermiş dava-dalaşa görə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, Quba rayon Məhkəməsində rayon sakini Nemrud Bünyatov (şərti) barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah qismində əşya tətbiq etməklə) maddəsi ilə açılmış işə baxılarkən hadisənin təfərrüatları məlum olub.

Belə ki, N.Bünyatov bir müddət əvvəl Bakıda yaşayan tanışına masaj aparatı satıb. Həmin şəxs pulu ödəmək üçün Nemruddan bank kartı istəyib. Özünün bank kartı olmadığından gənc oğlan dostu Elvara müraciət edib. Elvar da qardaşı Elminə məxsus olan bank kartını Nemruda verib.

Bir neçə dəfə hissəi-hissə həmin karta gələn pulları götürən Nemruda növbəti dəfə 250 manat göndərildikdə o pulun kartdan başqa şəxs tərəfindən çıxarıldığını görüb. Bu məqsədlə o, kartı aldığı dostuna müraciət edib. Elvar da kartdan pul çıxarmadığını bildirib. Məlum olub ki, kart Elminin adına olduğundan o, mobil tətbiq vasitəsilə adına olan karta pul gəldiyini görüb və vəsaiti nağdlaşdıraraq götürüb.

Bundan sonra Nemrud Elminlə əlaqə saxlayıb. Elmin də Nemrudun ona 170 manat borclu olduğunu bildirib və pulu bu səbəbdən götürdüyünü deyib. Bundan sonra onların arasında telefonda mübahisə yaranıb. Bir müddət sonra Alekseyevka kəndindəki “Qoca Çinar” restoranına gedən Nemrud Elminin orada yeyib-içdiyini görüb və pul məsələsinə görə tərəflər yenidən dalaşıblar. Dava zamanı o, süfrədəki araq şüşəsini götürərək Elminin başına çırpıb. Xəsarət alan gəncə tibbi yardım göstərilib.

Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər.

Quba rayon Məhkəməsi N.Bünyatovu şərti cəzaya məhkum edib və 1 il 6 ay sınaq müddəti təyin edib.