Bakıda qadınların evində qulluqçuluq edən 17 yaşlı oğlandan ŞOK SÖZLƏR
    • 7-03-2023, 13:59
    • 449

Bakıda qadınların evində qulluqçuluq edən 17 yaşlı oğlandan ŞOK SÖZLƏR

Bakıda oğurluq etdiyinə görə barəsində cinayət işi açılmış 17 yaşlı Cavid Sadıqov məhkmə qarşısına çıxarılıb. 

News24.az əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində C.Sadıqov barəsindəki Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə açılmış işə baxılıb. Məhkəmədə məlum olub ki, Cavid 2022-ci ildə Hövsan qəsəbəsində valideynləri ilə birgə yaşadığı evdən qaçıb. O, daha sonra paytaxtın mərkəzində “Nana” ləqəbli cinsi azlığın işlətdiyi gözəllik salonunda təmizlikçi kimi işləməyə başlayıb. Daha sonra o, başqa qadının evində yaşamağa başlayıb və həmin qadının xeyli pulunu oğurlayaraq qaçıb.

Cavid istintaqa ifadəsində törətdiyi hadisə barədə danışıb: “Evdən qaçandan sonra iş axtarmağa başladım və əsl adı Ramil olan “Nana” adlı cinsi azlıq nümayəndəsinin gözəllik salonunda işə başladım. Bir müddət işlədikdən sonra Nana mənə psixoloji təzyiq göstərməyə başladı. Təzyiqlərə dözməyib oradan qaçdım, lakin sonra Nana məndən üzr istəyib məni geri qaytardı. Lakin onun əməliyyatı əsnasında aramızda yenə problemlər  yarandı və işdən çıxdım. Bir neçə gün sonra Müjgan adlı xanımın evində qaldım.

Daha sonra Leyla adlı qadınla tanış oldum. O, mənə xəstə olduğunu və evində qalıb ona kömək etməyi təklif etdi. Razılaşdım və bir həftədən çox onun evində qaldım. Lakin qadın mənə təzyiq göstərməyə başladı, cinsi istismara məruz qoydu. Hətta bir dəfə üstümə bıçaqla hücum çəkib “qapını bağlayıb səni evdən çıxmağa qoymayacam” deyə hədələdi. Mən də Leyla xanım hamamda olanda onun evindən qaçdım. Pulsuz qalmaqdan qorxduğum üçün gedərkən onun pul kisəsində olan pulları da götürdüm”.

Təqsirləndirilən şəxs bildirib ki, evdən götürdüyü pulların bir hissəsini verərək mağazadan 1479 manata “İphone 11 Pro” markalı mobil telefon, geyim mağazasından özünə paltar alıb. Paltara da təxminən 300 manat pul xərcləyib. Daha sonra dostlarına pul paylayan Cavid oteldə gecələyib və Nərmin adlı rəfiqəsinə ona ev tapması üçün 700 manat verib. Lakin bir neçə gün sonra Leyla və digər qadınlar onu axtararaq tapıblar. Nəticədə o, polis tərəfindən saxlanılıb.

Şikayətçi bildirib ki, evindən 3000 dollar və 500 manat (ümumilikdə 5600) manat götürülüb. O pulların hamısı qaytarılmadığı üçün Cavidə ağır cəza verilməsini tələb edib.

Nəsimi rayon Məhkəməsi Cavidin yaşını, ilk dəfə cinayət törətməsini, peşmançılıq çəkməsini, əməlini etiraf etməsini nəzərə alaraq onun həbs edilməməsinə, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə hökm edib. Onun təyin edilmiş vaxtlarda evdən çıxmaması, ictimai tədbirlərə qatılmaması qeyd edilib və üzərinə elektron nəzarət cihazı quraşdırılıb.

Taleh BAĞIROV