“Lady Sharm” kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...
    • 4-02-2019, 11:44
    • 1 692

“Lady Sharm” kimin qəzəbinə tuş gəlib? - Nüfuzlu şəxslərin aldadılması, xaricdən sığınacaq...

Son günlər Bakıda məşhur "Lady Sharm” mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır.
 
Qəzet yazır ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra "Lady Sharm” mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.

"Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir. 

Məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxın çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partaiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.

Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, "Lady Sharm” mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.
 
"Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri "Gənclik Mall”da, digəri isə "28 May Mall”da yerləşir.

"Lady Sharm” mağazalar şəbəkəsinin "Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı "Lady Sharm” bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.


//Yeni Musavat