Avropa İttifaqı Türkiyəyə 1 milyard avro yardım ayıracaq
    • 20-03-2023, 19:44
    • 325

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro yardım ayıracaq

Avropa İttifaqı fevral ayında baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına və yenidənqurma üçün Türkiyəyə 1 milyard avro yardım ayıracaq.

News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Türkiyə və Suriya ilə bağlı keçirilən Donorlar Konfransında deyib.


Komissiyanın Prezidenti Ursula von der Leyen zəlzələnin Türkiyə və qonşu Suriyada 50 minə yaxın insanın həyatına son qoyduğunu və son illərdə regionda ən böyük təbii fəlakət olduğunu vurğulayıb.

"İndi milyonlarla insan evsizdir və qışda onlar çadırlarda yaşayırlar. Biz yenidənqurma üçün səfərbər olmalıyıq. Evlər, məktəblər və xəstəxanalar ən yüksək seysmik təhlükəsizlik standartları ilə yenidən tikilməlidir. Su, kanalizasiya və digər mühüm infrastruktur təmir edilməlidir. Dövlət xidmətləri və bizneslərin yenidən işə başlaması üçün kapitala ehtiyacı var ki, insanlar yaşayışlarını təmin edə bilsinlər".

Ursula fon der Leyen də Brüsseldə blokun beynəlxalq tərəfdaşlarını toplayan Donorlar Konfransının açılışında Suriyaya da 108 milyon avroluq humanitar yardım vəd edib.