Xərçəng diaqnozu qoyulan qadınlar da ANA OLACAQ
    • 11-04-2023, 16:00
    • 276

Xərçəng diaqnozu qoyulan qadınlar da ANA OLACAQ

Xərçəng diaqnozu qoyulan qadınlar gələcəkdə ana ola biləcək.

News24.az xəbər verir ki, bu barədə Ginekologiya və Tüp Bebek Mütəxəssisi Dos. Dr. Yusuf Aytaç Tohma deyib. Həkim bildirib ki, müalicələr zamanı aparılan kimyaterapiya və radioterapiya reproduktiv sağlamlığa birbaşa təsir edir və bu da yumurtalıqlara ciddi zərər verir.

Dr. Yusuf Aytaç Tohma xərçəng müalicəsi alan qadınların radioterapiya və kimyaterapiyadan əvvəl yumurtalarını dondurmaları tövsiyə edib.

"Son illər tibbdə tez-tez istifadə edilən bu üsul xərçəng diaqnozu qoyulan qadınların ana olmaq xəyallarını qoruyub saxlamasına şərait yaradır. Gələcəkdə həmin qadınlar dondurulan yumurtalar sayəsində uşaq sahibi ola bilərlər. Bu prosedur ümumi anesteziya altında ağrısızdır və təxminən 15 dəqiqə çəkir. Xəstə 2-3 saat ərzində evə buraxılır və gündəlik həyatına davam edə bilir. Yumurtalar su kristalları əmələ gəlmədən vitrifikasiya üsulu ilə dondurulur. Dondurulmuş yumurtalar - 196 dərəcədə maye azot çənlərində saxlanılır. Hamiləlik istənildikdə müraciət edən xəstənin yumurtaları əridilir və in vitro mayalanma prosesinə başlanır. Bu səbəbdən də onkoloqların müalicədən əvvəl xəstələrinin gələcəkdə uşaq arzusunu nəzərə almaları çox vacibdir", - deyə həkim qeyd edib.

Aynurə