O videodan sonra mən necə yaşayım? - Aqşinin anası
    • 13-04-2023, 18:31
    • 4 445

O videodan sonra mən necə yaşayım? - Aqşinin anası

“Övladımın taleyindən nigaranam. Ermənilər oğlumun üstünə şər atırlar”.

News24.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ermənistanda saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

“Mənim oğlum kişi kimi əsgərliyə gedib, kişi kimi də xidmət aparıb. Əsgərliyinin başa çatmasına 9 ay qalmışdı. Biz özümüz də nə baş verdiyini bilmirik. Ermənilər onu şərləyir. Deyirlər ki, guya mənim oğlumun cibində bıçaq olub. Üç gün meşədə yatıb. Sonra erməninin  qapısını döyüb. Ermənilər də guya ona çörək veriblər. Ermənilərin necə şərəfsiz olduqlarını bütün dünya bilir. Oğlumun üstünə şərt atıb, başına oyun açırlar. Bundan sonra necə olacaq, bilmirik. Övladımın taleyindən narahatam”, - əsgər anası bildirib.

Dürdanə Bəbirova oğlundan xəbər almaq üçün dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayıb:

“Oğlumun səsini eşitmək istəyirəm. Bu gün Hüseyn adlı əsgərimizin videonu yayıblar. Həmin videonu görəndə dəhşətə gəldim. Görün, bizim günahsız əsgərlərimizə necə amansız işgəncələr verirlər. Bunu görəndən sonra mən necə yaşayım? Dövlət qurumları ilə əlaqə saxlasam da, hələ də oğlumdan xəbər ala bilməmişəm. Artıq 8 gün yasa qərq olmuşuq. Nə edəcəyimizi bilmirik. BQXK-yə hər gün zəng edirik. Bu gün səhər də zəng etmişdik.  Deyirlər ki, oğlum sağ-salamatdır. Mən də danışmaq, oğlumun səsini eşitmək istəyirəm”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Hər iki əsgər Ermənistan ərazisində saxlanılıb.

Bu gün sosial şəbəkələrdə ermənilərin əsgər Hüseyn Axundova işgəncə verməsi ilə bağlı görüntülər yayılıb.