Bakıda “Uber”in qadın sürücüsünün oğlu anasının maşınında gördüyü şəxsi...
    • 14-04-2023, 17:06
    • 258

Bakıda “Uber”in qadın sürücüsünün oğlu anasının maşınında gördüyü şəxsi...

Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük savxozu adlanan yerdə "mazut kanalı" deyilən ərazidə bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Qazax rayon Yuxarı Salahlı kənd sakini olan 1999-cu il təvəllüdlü Kənan Aslanov Ruslan adlı şəxsi bıçaqlayıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Kənan barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Kənanın anası “Uber” taksi şirkətində sürücü işləyir. Kənan anasının telefonda Ruslan adlı şəxslə danışdığını görüb və telefonu alaraq bir də anasına zəng etməməsini bildirib. Bir müddət sonra isə o, Ruslanı anasının taksi kimi idarə etdiyi avtomobilində görüb. Kənan atalığına zəng edərək anası ilə Ruslanın birgə olması barədə məlumat verib və onu görüşə çağırıb.

Gecə saat 11-də baş tutan görüşdə Kənan anası ilə birgə gördüyü şəxsə hücum edərək onu bıçaqlayıb.

Ruslan bildirib ki, Kənanın anası ilə heç bir münasibəti yoxdur və adi sərnişin kimi onun avtomobilindən istifadə edib. O, Kənana ağır cəza verilməsini xahiş edib.

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Kənan Aslanov barəsindəki cinayət işinə baxılıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses aprelin 6-da başa çatıb. Məhkəmə Kənana 4 il həbs cəzası verib. İbtidai istintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan Kənan məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Taleh BAĞIROV