"Ərdoğanın rəqibləri qalib gələcəyi təqdirdə..." - Deputatdan MÜHÜM AÇIQLAMA
    • 27-04-2023, 12:54
    • 442

"Ərdoğanın rəqibləri qalib gələcəyi təqdirdə..." - Deputatdan MÜHÜM AÇIQLAMA

"Türkiyə Ərdoğanın hakimiyyəti dövründə son dərəcədə gücləndi. Məhz bu səbəbdən bu il Türkiyədə keçiriləcək seçkilər dünyanın diqqət mərkəzindədir. Türkiyə bu illər ərzində qlobal proseslərə real təsir etmək imkanı qazanıb".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, Türkiyə böyük coğrafiyada əməkdaşlığın, təhlükəsizliyin əsas şərtləndirici ölkə rolunu öz üzərinə götürməyi bacarıb:

"Bu baxımdan təbii ki, Türkiyədəki seçkilər bizim regionumuza da təsirsiz ötüşməyəcək. Amma, bununla bərabər bu gün mövcud reallıqlar çərçivəsində Ərdoğanın məğlubiyyəti haqqında müzakirələrin aparılması üçün hansısa əsas yoxdur. Çünki Ərdoğan həm Türkiyə üçün, həm də digər Türk Dövlətləri üçün çox böyük xidmətlər göstərib. Türkiyə cəmiyyətində bunu çox aydın dərk edirlər. Əlbəttə ki, həm Türkiyə, həm də Türk Dövlətləri üçün bundan sonrakı mərhələdə də əməkdaşlıq, təhlükəsizlik baxımından münbit şəraitin və şərtlərin olması naminə mütləq şəkildə bu kursun davam etdirilməsi çox vacibdir. Türkiyə xalqı Ərdoğanın rəqiblərinin qalib gələcəyi təqdirdə həm Türkiyə üçün, həm də bütövlükdə Türk dünyası üçün heç də yaxşı şərtlərin ortaya çıxmayacağının  fərqindədir. Bu baxımdan hesab edirəm ki, 14 may seçkilərində Ərdoğan seçicilərin dəstəyini alacaq və yenidən Türkiyənin prezidenti olacaq".

Aynurə