Sülh yolunda qurulan TƏLƏ - Putin Bakı və İrəvana mesaj verdi, prosesi pozmağa hazırlaşırlar
    • 3-05-2023, 16:58
    • 340

Sülh yolunda qurulan TƏLƏ - Putin Bakı və İrəvana mesaj verdi, prosesi pozmağa hazırlaşırlar

Vaşinqtonda görüşlər davam edir. Məlumatlar var ki, sülh müqaviləsinin imzalanması, ən azından “yol xəritəsi”nin razılaşdırılması gözləntisi böyükdür. Amma Rusiya tərəfi buna razı deyil. Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bəyan edib ki, rəsmi Moskva Azərbaycan, Ermənisan və Rusiya Federasiyası liderlərinin 2020-ci ildən 2022-ci ilə qədər qəbul edilmiş üçtərəfli bəyanatlara sadiqdir. Zaxarova Vaşinqtonda danışıqlarının Rusiyanın iştirakı olmadan getdiyini qabardıb.

Rusia dövlət rəsmilərinin verdiyi bu açıqlamalardan görünür ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. 

Rusiya bu kontekstdə prosesi pozmaq üçün hansısa addımı ata bilərmi? Rusiya niyə Bakı və İrəvanın Vaşinqton və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamasına mane olmaq istəyir?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Cümşüd Nuriyev hesab edir ki, Kreml bu bəyanatlarla ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən narahat olduğunu nümayiş etdirir.

“Vaşinqtonda keçirilən görüşlərə Rusiya öz münasibətini bildirdi. Putinin sözçüsü Dmitri Peskov çox kəskin bəyanat verdi, söylədi ki, 10 noyabr 2020-ci ildə imzalanmış bəyannamənin şərtlərindən kənara çıxmaq olmaz. Bu, artıq hədədir, siyasi təzyiqdir. Ermənistan onsuz da onlardan asılı olan bir dövlətdir, Moskva əsas Azərbaycanı hədələyir. Düşünürəm ki, 14 mayda Türkiyədə keçiriləcək seçkilərə qədər Azərbaycana bir növ təzyiqlər göstəriləcək. Bu, aydın məsələdir. Ona görə də bir qədər səbrli olmaq lazımdır”, - politoloq bildirib. 

C.Nuriyev qeyd edib ki, Rusiya Vaşinqtonun vasitəçiliyi ilə sülh sazişi imzalaması prosesini poza bilər.

“Putin də Peskov vasitəsilə göndərdiyi mesajda demək istəyir ki, mənim qoyduğum çərçivədən kənara çıxsanız, hər ikiniz üçün (Azərbaycan və Ermənistan – Red.) pis olacaq. Rusiyanın vurğuladığı üçtərəfli bəyanatın alternativi yoxdur, Azərbaycan da heç bunun əksini demir. Biz Ermənistanla ikitərəfli sülh sazişini imzalamaq istəyirik. Üçüncü tərəf bu məsələyə qarışanda həmişə proses yolunda getmir. Rusiya müəyyənlər addımlar atdı, bəyanat verdi. Artıq prosesi poza bilər, hətta pozacaq da... Hazırda məhz bunun üçün çalışırlar. Bütün hallarda təxribatlar baş verir. Bu günə qədər Rusiya sülhməramlıları öz işlərini görməyiblər, Qarabağda başqa işlərlə məşğul olublar. Yeni göndərilən komandan Lentsov da ermənilərin kürəkənidir. O təbii ki, Azərbaycanın maraqlarını dəstəkləməyəcək”.

Turan