Kosmik tullantılar Yerə düşərək insanlara zərər verə bilər - XƏBƏRDARLIQ
    • 8-05-2023, 23:18
    • 368

Kosmik tullantılar Yerə düşərək insanlara zərər verə bilər - XƏBƏRDARLIQ

Alimlərin apardıqları yeni tədqiqatlar Yerin orbitində NASA-nın, habelə Rusiya və Çinin peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının parçalarını “saatlı bomba” adlandırıb və iddia ediblər ki, onlar hər an planetimizin üzərinə düşə bilər.

ABŞ-da fəaliyyət göstərən “LeoLabs” texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb. Ekspertlər qeyd ediblər ki, 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları artıq orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran “LeoLabs”ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-a məxsusdur. Belə ki, Birləşmiş Ştatların kosmosda 8 min 497 tullantısı var. Sonrakı yerlərdə Rusiya və Çin gəlir. Bu ölkələrin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.

ABŞ-ın Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Conatan MakDouel xəbərdarlıq edib ki, getdikcə artan kosmik tullantılar bir-biri ilə çarpışaraq partlaya və Yerə düşərək insanlara zərər verə bilər. O əlavə edib ki, bu məsələ kosmosa raket və peyk göndərən ölkələr tərəfindən müzakirə edilməli və uyğun tədbirlər görülməlidir. /Lent.az/