Bağ evlərinin kirayəsi kəskin BAHALAŞACAQ? - Ekspert AÇIQLADI
    • 17-05-2023, 15:26
    • 383

Bağ evlərinin kirayəsi kəskin BAHALAŞACAQ? - Ekspert AÇIQLADI

Havaların isinməsinin bağ evlərinin kirayəsinə tələbi artırması artıq ənənə halını alıb. Nəzərə alsaq ki, yayın gəlişinə sayılı günlər qalıb. Bu isə insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edir. Şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda dincəlmək istəyənlər həm bölgələrə, həm də Bakı ətrafında yerləşən bağ evlərinə maraq göstərirlər. Artan maraq fonunda əvvəlki illərlə müqayisədə bu il də qiymətlərdə artımın olacağı qaçılmazdır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı News24.az-a açıqlamasında bildirib ki, mövsümlə əlaqədar bağ evlərinin kirayə qiymətində artımı müşahidə ediləcək. 

“Havaların soyuq keçməsi prosesi ləngidir. Hələ ki, ciddi və dinamik dəyişiklik müşahidə olunmur. Lakin havalar isindikcə qiymətlərdə də artımı hiss edəcəyik”, - ekspert qeyd edib.

R.Osmanlı söyləyib ki, hazırda ümumi kirayə mənzil bazarında da durğunluq var: “Hazırkı dövr ümumi kirayə mənzil bazarı üçün aktiv dövr hesab olunmur. Sözügedən sektorda dəyişikliyi əsasən iyun ayının sonunda, yəni tələbələr rayonlara qayıtdığı zaman müşahidə edəcəyik. Növbəti dəyişiklik isə avqust ayının ikinci on günlüyündən sonraya təsadüf edir. Hazırda isə vəziyyət sabitdir”.

Qumral Əliyeva