Rikerdən sülh sazişi açıqlaması:
    • 26-05-2023, 12:11
    • 332

Rikerdən sülh sazişi açıqlaması: "Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması..."

Bu gün Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün real imkan var. 

News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı keçmiş baş müşaviri Filip Riker deyib.

“Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi regionda ticarət, enerji proqramları və infrastrukturun inkişafı üçün geniş imkanlar yaradacaq. Məsələn, nəqliyyat baxımından bu, Mərkəzi Asiyanın Qara dənizə bağlanacağı bu mühüm coğrafi regionun inkişafına töhfə verəcək və regionda hər kəs üçün faydalı olacaq mühüm ticarət imkanları yaradacaq. Bu uzun müddət davam edən münaqişə faciədir, çoxlu insanın həyatına son qoydu, itkilərə səbəb oldu, onilliklər ərzində inkişaf imkanlarını məhdudlaşdırdı”, - Riker bildirib. 

Keçmiş diplomatın sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəflər arasında uzunmüddətli, davamlı sülhə nail olmaq üçün böyük səylər göstərir. O,  ABŞ Dövlət katibi Entoni Blinkenin sülh prosesindəki fəaliyyətinə diqqət çəkib. 

Riker sərhədlərin tez bir zamanda demarkasiya və delimitasiya edilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlarını konstruktiv adlandıran eks-diplomat söyləyib ki, sülh sazişində müxtəlif anlayışlar olmalıdır, suverenlik və ərazi bütövlüyü onun tərkib hissəsidir.

“Bunlar konstruktiv bəyanatlardır. Biz elə bir nöqtədəyik ki, həqiqətən də sülh və razılaşma əldə etmək imkanı var və əvvəlki mərhələlərdən əsas fərq də budur”, - o qeyd edib.

Turan