"Qəzalardan ən çox zərər görən uşaqlardır..." - Ruhiyyə Əliyeva- VİDEO
    • 1-06-2023, 11:49
    • 299

"Qəzalardan ən çox zərər görən uşaqlardır..." - Ruhiyyə Əliyeva- VİDEO

"Bu gün balalarımızın günüdür. Ömrümüzü, həyatımızı bir xoşbəxt gülüşünə, bir qayğısız təbəssümünə fəda elədiyimiz, arzularımızın, xəyallarımızın, sevincimizin əsas qaynağı, cənnət qoxulu körpələrimizin, gələcəyimiz, sabahımız olan uşaqlarımızın bayramıdır. Onların xoşbəxt, təhlükəsiz, firavan, asayiş içində böyümələri, işıqlı gənc, Azərbaycanın gələcək müqəddəratını həll edəcək uğurlu vətəndaş olmaları üçün dövlətimiz əlindən gələn hər şeyi edir. Həm yaxşı təhsil almaları, həm rahatlıq içində böyümələri üçün. Bu yöndə biz- cəmiyyət, ailələri, yaxınları, əziziləri də onları sevib əzizləyir, qayğı içində böyütməyə çalışırıq".

News24.az xəbər verir ki, bunu "Liatris Holding"in rəhbəri, iş qadını Ruhiyyə Əliyeva “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı deyib. 

O qeyd edib ki, bəzən ən kiçik məsuliyyətsizlik, diqqətsizlik onların canını acıdacaq, həyatlarında silinməyəcək izlər buraxır: 

"Hətta bəzi təhlükəli, məsuliyyətsiz, səriştəsiz adamların addımları onların həyatına son qoyur. Təbii ki, bunları deyəndə son illərin qorxunc bəlalarından olan avtoqəzaları nəzərdə tuturam. Az qala hər gün media və sosial şəbəkələrdə yüzlərlə avtomobil qəzaları və orada həyatını itirən insanlar haqda xəbərlər yayılır".

Ruhiyyə Əliyeva bildirib ki, baş verən hər ağır qəza, hər ölüm hadisəsi hansısa bir uşağın həyatına silinməyəcək izlər salır: "Onların bəzisi bu qəzada öz həyatını, bəzisi atasını, bəzisi anasını, bəzisi bacı-qardaşını itirir. Bəzi qəzalar isə onları ömürlük yatağa məhkum edir, baxıma, kiminsə qulluğuna möhtac qoyur. Sözsüz ki, bu xəbərlərdən hər birimizin ürəyi yanır, acı çəkirik. Amma bu, məsələnin, baş verən və verə biləcək faciələrin qarşısını almağa yetmir. Kiçik bir statistika deyim. 2022-ci il ərzində yol verilən qayda pozuntuları zamanı baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü qızının, 11 sürücü isə yaxın qohumunun ölümünə səbəb olub. Bu faciəli rəqəmlərinin içərisində bir ömür boyu ağır fəsadlar yaşayan uşaqlardır ki, onlar bayaq dediyim kimi, doğmalarını, valideynlərini itiriblər, yaxud ömürlük şikəst qalıblar. Ötən il 16 yaşlı yeniyetmələr də daxil olmaqla 57 uşaq qəzalarda həyatını itirib, 145 uşaq isə xəsarət alıb. Onların isə xeyli hissəsi bir ömür boyu qəzanın izlərini daşıyır, sağlamlığını itiriblər".

R.Əliyeva vurğulayıb ki, bu halların qarşısının alınması üçün cəmiyyət olaraq üzərimizə düşən vəzifələrə ehtiramla yanaşmalıyıq: "Çünki səbəb bizim balalarımız - uşaqlarlardır. Mən də hər zaman olmasa da ara-sıra avtomobil idarə edirəm. Yol hərəkəti qaydalarına tabe olmağın, onlara əməl etməyin nə qədər zəruru, həyatımız üçün önəmli olduğunu hər an görürəm. Eyni zamanda aşırı sürətlə avtomobil idarə edənlərin nələrə mail olduğunun şahidi oluram. Yol hərəkəti qaydalarına əməl etməyənlərin, bunu görməzdən gələməyin nəticələrinin necə acı sonluqla bitdiyini görürəm. Bu səbəbdən, düşünürəm ki, Uşaqlar günündə məhz uşaqlarımız üçün təhlükəsiz yol, günümüzün faciəsiz başa çatması üçün bir daha düşünməli, cəmiyyət olaraq bir daha diqqətimizi bu məsələyə yönəltməliyik".

Ruhiyyə Əliyeva xatırladıb ki, hər qayda nişanının, hər yol hərəkəti qaydasının həyatımızın sığortası olduğunu unutmamalıyıq: "Unutmamalıyıq ki, cəmiyyətdə hər bir insan ailəsi və Vətəni qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət həm də yollarda, nəqliyyatda təhlükəsizliyimizi təmin etməyimiz deməkdir".

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.

Akqabay