Tarixi səfər: Ərdoğan Bakıda nəyi elan edəcək? - Türk general AÇIQLADI
    • 12-06-2023, 17:31
    • 377

Tarixi səfər: Ərdoğan Bakıda nəyi elan edəcək? - Türk general AÇIQLADI

“Türkiyə ilə Azərbaycan arasında bir ənənə var. Seçkilərdən sonra prezidentlər və nazirlər ilk səfərlərini məhz qarşılıqlı olaraq Azərbaycan və Türkiyəyə edirlər. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə üçün ayrı bir formatdadır. Ona görə də ilk xarici səfər hər zaman Azərbaycana olur. Eynilə, Azərbaycanda da seçkilərdən sonra Prezident ilk səfərini Türkiyəyə edir. Bu, həm regionda, həm də dünyada dostluq və qardaşlığın nümayiş etdirilməsi baxımından çox mühümdür”.

Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə-Azərbaycan münasibətlərinin növbəti beş il ərzində daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir:

“Həmçinin Türk Dövlətləri Təşkilatındakı fəaliyyətlər, qlobal miqyasda baş verə biləcək hadisələrə ortaq münasibət, strategiya müəyyənləşdirilməsi, Şuşa Bəyannaməsində əks olunan məsələlərin yenidən nəzərdən keçirilməsi, prosesi daha da irəli aparmaq üçün nələrin edilə biləcəyini müəyyən etmək baxımından da vacibdir. Eyni zamanda seçkilərdən sonra Türkiyədə bütün nazirlər dəyişdi. Bu baxımdan Ərdoğanın səfəri yeni nazirlərə istiqamət göstərmək, onlara hansı perspektivlə işləməli olduqlarını nümayiş etdirmək baxımından tarixi səfərdir”. 



Y.Karauz qeyd edib ki, daha bir əhəmiyyətli məqam ölkə rəhbərlərinin Azərbaycan ilə Ermənistanın dialoq prosesində əldə etdiyi irəliləyişləri müzakirə etməsidir: 

“Əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında vəziyyətin sülh yolu ilə həllinə dair danışıqlardır. Çünki hazırda sülh sazişinin tezliklə imzalanması məsələsi gündəmdədir. Ankara və Bakının tutacağı yol və istiqamət yenidən qiymətləndirilərək həm Türkiyə və Azərbaycan, həm Rusiya, eyni zamanda digər region ölkələri, bu məsələdə iştirak edən dövlətlər və ya beynəlxalq təşkilatlar baxımından fəaliyyət kursuna yenidən baxılacaq. Yenidən yol xəritəsi müəyyən olunacaq. Ona görə də Ərdoğanın Azərbaycana bu səfəri dostluğu, qardaşlığı gələcək nəsillərə daha möhkəm, sarsılmaz şəkildə çatdırmaq baxımından çox mühümdür”.

Akqabay Mıradov