“Space”də xalası oğlunun arvadı ilə münasibəti olduğunu dedi, başına oyun açdılar
    • 13-06-2023, 15:06
    • 528

“Space”də xalası oğlunun arvadı ilə münasibəti olduğunu dedi, başına oyun açdılar

Bir neçə ay əvvəl “Space” televiziyasında verilişlərdən birində Şəkinin Baş Zəyzid kəndində xalası oğlunun arvadı ilə mütəmadi görüşdüyünü və onun övladlarının atasının əslində özünün olduğunu deyən kənd sakini Rahib Əhmədova qarşı cinayət törədilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Rahibin gizli sevgi yaşadığını dediyi qadının əri, yəni xalası oğlu Zaur Əmrullayev və qardaşı İkram (ad şərtidir) Rahibi kənd ərazisində yaxalayaraq zorla yaşadıqları evin həyətinə aparıblar. Burada iki qardaş onu təpiklə huşunu itirənədək döyüblər və müxtəlif xəsarətlər yetiriblər. Hadisə barədə polisə məlumat verildikdən sonra Əmrullayev qardaşları barəsində Cinayət Məcəlləsinin 144-cü, yəni adam oğurluğu maddəsi ilə cinayət işi açılıb.

Aparılan istintaq zamanı Zaur Əmrullayev Rahibə qarşı cinayət törətmədiyini bildirib: “Rahib mənim doğma xalam oğludur və əvvələr münasibətlərimiz yaxşı olub. 18 aprel 2022-ci ildə yaşadığım evdə olarkən arvadım Tünzalə (şərti adlı) mənə ağlaya-ağlaya dedi ki, Rahib onu qorxudaraq təcavüz edib. Bundan sonra biz polisə hadisə barədə məlumat verdik və şikayət ərizəsi təqdim etdik.

2022-ci il mayın 5-də Rahib “Space” televiziyasına çıxaraq Tünzalə ilə mənim nikahımdan doğulmuş övladlarımın atasının özü olduğunu bildirdi. Sonra isə Rahib bir neçə dəfə bizə gələrək Tünzalənin onunla əlaqə saxlamamasına görə məni hədələyib. Rahibin bu hərəkətlərindən sonra arvadımla boşanmaq üçün məhkəməyə müraciət etdim. Hadisə günü isə küçədə qardaşımın Rahiblə mübahisə etiyini gördüm. Həmin vaxt Rahibin bir əlində bıçaq, digərində isə tapança vardı. Onu görən kimi Rahibin arvadıma qarşı etdiyi hərəkətlər yadıma düşdüyündən ona yaxınlaşıb təpik və yumruqla vurdum. Bu zaman qardaşım da mənə kömək edib Rahibi vurmağa başladı və onun qolunda tutub evin həyətinə apardıq. Rahibin əlində olan bıçağı və tapançanı alıb kənara atdıq, onu həyətdəki boruya bağladıq. Daha sonra anam, dayım, xalam da oraya gəldi. Dayım polisə zəng edərək məlumat verdi ki, Rahib bizə gələrək dava salıb”.
 
Araşdırmalar zamanı məlum olub ki, Rahibin xalası oğlunun arvadı ilə intim münasibəti barədə məlumatlar yaylandan sonra qohumlar arasındakı münasibətlər kəskinləşib. Bundan sonra Rahib kəndə getməyib və Rusiyaya gedərək işləməyə başlayıb. Lakin Rahibin dayısı ona zəng edərək məsələnin həlli üçün onu kəndə çağırıb. Rahib ifadəsində deyib ki, bütün bu hadisələri dayısı təşkil edib. O, həmçinin iddia edib ki, hadisə vaxtı Rusiyadan gətirdiyi 4100 manata qədər pulu xalası oğlanları ələ keçiriblər. O, xalası oğlanlarının onu boruya bağlayaraq taxta ilə vəhşicəsinə döydüklərini də əlavə edib.

Başlanmış cinayət işinin materialları daha sonra Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə baş vermiş əməlin adam oğurluğu cinayəti olmaması qənaətinə gəlib və Rahibi döyən şəxslərə Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cəza təyin edib. Əmrullayev qardaşlarının hər biri qazanclarının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işi cəzaına məhkum ediliblər və onlar azadlıqda qalıblar.

Taleh BAĞIROV