Türkiyə liderinin Bakıdan mesajı - Dünya mətbuatı Ərdoğanın bu çıxışından yazır
    • 14-06-2023, 15:35
    • 496

Türkiyə liderinin Bakıdan mesajı - Dünya mətbuatı Ərdoğanın bu çıxışından yazır

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdan verdiyi mesajlar dünya mətbuatının gündəmi olub.

News24.az xəbər verir ki, Ərdoğanın “Şuşada Baş Konsulluğumuz açmağa hazırıq. Bu, bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj olacaq” sözləri nüfuzlu KİV-lər tərəfindən tirajlanıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı ən yaxın müttəfiqlərindən birinə seçkidən sonra səfər etdi. O, ölkəsinin Azərbaycanla əlaqələrini vurğuladı, dəstəyini ifadə etdi” , - AFP Beynəlxalq Xəbər Agentliyi yazıb.

AFP Ərdoğanın açıqlamalarına geniş yer verib: “Ankaranın Bakıya qırıcı təyyarələri tədarükü Azərbaycanın 2020-ci ildə Ermənistanla müharibədə qələbə qazanmasına kömək etdi”.

“Associated Press” isə Ərdoğanın Azərbaycana səfərini “Türkiyə Azərbaycanın erməni qüvvələrindən azad etdiyi şəhərdə konsulluq açmağa hazır olduğunu açıqladı” başlığı ilə təqdim edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, ölkəsi 2020-ci ildə Azərbaycanın Ermənistan silahlı qüvvələrindən azad etdiyi Şuşa şəhərində konsulluq açmağa hazırdır”, - xəbərdə deyilir.

AP bildirib ki, Ərdoğan Şuşada konsulluğun açılmasının dünyaya və xüsusilə Ermənistana bir mesaj olacağını vurğulayıb.

Yunanıstanın “Kathimerini” nəşri “Türkiyə Şuşada konsulluq açmağa hazır olduğunu açıqladı” başlığı ilə oxucularının qarşısına çıxıb. 

Şuşanın simvolik və strateji əhəmiyyətə malik olduğunu vurğulayan Yunanıstan qəzeti bu cür dəyərləndirmə edib: “Türkiyə Qarabağla bağlı son münaqişədə Azərbaycana fəal dəstək verib. Bu münaqişədə Azərbaycan ermənilərin nəzarətində olan ətraf ərazilərə nəzarəti bərpa edib”.
PSP də Ərdoğanın açıqlamasını manşetdə yer verib. Xəbərdə “Ərdoğan ikitərəfli danışıqların əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərə “İstədiyiniz zaman konsulluğumuzu açmağa hazırıq” deyib”, - bəyanatı daxil edilib.

Capital.gr agentliyi “Ərdoğan: Türkiyə və Azərbaycan iki dövlət, bir millət” başlığı ilə açıqlamaları təqdim edib: “Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdən sonra Azərbaycana səfəri zamanı Ankara ilə Bakı arasındakı müttəfiqliyi yüksək qiymətləndirib”.

Londonda yerləşən “Middle East Monitor” nəşri yazıb ki, iki lider Ankara və Bakı arasında əməkdaşlığı gücləndirmək üçün atılan addımları müzakirə ediblər.

Akqabay