Erməniləri “cəsarətləndirən” kimdir? – Onun çıxışından sonra... – Laçındakı təxribatın PƏRDƏARXASI
    • 16-06-2023, 18:26
    • 477

Erməniləri “cəsarətləndirən” kimdir? – Onun çıxışından sonra... – Laçındakı təxribatın PƏRDƏARXASI

“Ermənistanın Laçın istiqamətində təxribatı, sərhəd-keçid məntəqəsinin atəşə məruz qalması, bir sərhədçimizin yaralanması İrəvanın növbəti dəfə regionda sülhə və sabitliyə yönəlik addımları ləngitdiyinin göstəricisidir”. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Ekspert bildirib ki, Ermənistanın son təxribatının arxasında bir neçə səbəb var: “Azərbaycanla Ermənistan arasında son dönəmlər sərhəd bölgəsində tez-tez insidentlər yaşanır, separatçılar təxribat törədirlər. Bunun da bir neçə əsas səbəbi var. İlk növbədə Azərbaycan və Ermənistan arasında hələ də sərhədlərin delimitasiya və demarkasiya olunmaması, tərəflər arasında sülh sazişinin imzalanmaması, eyni zamanda Ermənistanda bəzi revanşist qüvvələrin Azərbaycana qarşı faşist, azərbaycanofob və türkofob mövqeyi sülh prosesinə mane olan aspektlərdən biridir. Həmçinin Ermənistanın xarici himayədarları da əsas rol oynayır, burada, xüsusilə Fransanı, İranı və Rusiyanı vurğulamaq istərdim. Ən son Ermənistan təxribatı da məhz elə Paşinyanın Rusiya səfərindən, eyni zamanda Fransanın xarici işlər nazirinin Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ziddiyyətli mövqeyindən sonra baş verdi”. 



S.Zahidov qeyd edib ki, Fransanın ziddiyyətli mövqeyi Ermənistanı sülhə təhrik etmir, əksinə, onu daha da “cəsarətləndirərək” Azərbaycana qarşı təxribatlar həyata keçirməyə sövq edir: “Eyni zamanda, Ermənistanın hərbi-siyasi elitasında Rusiyanın 5-ci kolonu hələ də mövcuddur. Bunu hətta Ermənistanın baş naziri Nikol Paşinyan özü də qeyd edib. Rusiyaya bağlı qüvvələrin də bu cür təxribatların arxasında olması istisna olunmamalıdır”. 

Ekspert qeyd edib ki, təxribatlardan sonra Azərbaycanın “Laçın” postunu bağlaması məqsədəuyğundur: “Çünki ən son günə kimi bu yol açıq idi. Azərbaycan tərəfi sərbəst şəkildə Qarabağın erməni sakinlərinin Ermənistandan Qarabağa və əks istiqamətdə gediş-gəlişinə şərait yaratmışdı. Bu, Azərbaycanın reinteqrasiya planının tərkib hissəsidir və bu plana qarşı olan, qısqanclıqla yanaşan qüvvələr var. Düşünürəm ki, elə bunun başında həm Ermənistandakı millətçi revanşistlər, həm də Azərbaycanın Vaşinqton və Brüssel prosesləri çərçivəsində uğur qazanmasını istəməyən İran kimi dövlətlər var”. 

Politoloq onu da bildirib ki, Azərbaycanın atacağı növbəti addım kimi, genişmiqyaslı antiterror əməliyyatının həyata keçirilməsi istisna olunmamalıdır: “Ermənistanın davamlı şəkildə bu cür təxribatları törətməsi fonunda BMT-nin 51-ci – hər bir dövlətin özünümüdafiə hüququnu təsbit edən maddəsinə uyğun olaraq, Azərbaycan ciddi şəkildə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirə bilər. Bu baxımdan Ermənistan tərəfi vəziyyətə gərək həssaslıqla yanaşsın və təxribatlara son qoysun. Əks halda, Bakının cavabı ağır olacaq”.

Akqabay Mıradov