Ermənilərin işgəncə verdiyi Dürdanə Ağayeva: “Məni çılpaq soyundurub, buz kimi suya girməyə məcbur etdilər” – VİDEO
    • 26-02-2019, 15:44
    • 3 838

Ermənilərin işgəncə verdiyi Dürdanə Ağayeva: “Məni çılpaq soyundurub, buz kimi suya girməyə məcbur etdilər” – VİDEO

Bəşəriyyətin ən dəhşətli faciəsi, Qan yaddaşımız Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Türkiyənin “Haber Global” kanalı “Bir insanlıq utancı: Xocalı soyqırımı” adlı sənədli film hazırlayıb.  

News24.az xəbər verir ki, ekran işində əsir düşərgəsində ermənilərin ağır işgəncələr verdiyi, soyqırımın canlı şahidi Dürdanə Ağayevanın danışdıqları ürəkləri parçalayır:  

“Göyün üzü qara idi. Sanki hava da son saatlarımızı yaşadığımızı xəbər verirdi. Hər yer alov içində idi. Güllələrin işıqları qırmızı idi. Yerlə sürünməyə məcbur idik. Sağ ayağımdan güllə yarası aldım və huşumu itirdim. Gözümü açdım və dəhşətli bir şey gördüm. Ay Allah, nə qədər cəsəd var idi... Nə qədər insan qırılıb... O zaman bildim ki, ermənilər həqiqətən vəhşidir. Orada bir yaşından 80 yaşına kimi insanlar var idi.

Bir ana qucağından körpəsi ilə qaçırdı. Çiynindən güllə yarası aldı və yıxıldı. Həmin vaxt uşaq “ana qalx” deyə ağlamağa başladı. Sonra uşağıda güllələdilər. Uşağın cəsədi anasının cəsədinin yanına yıxıldı. 8 gün əsirlikdə döyüldüm, təhqir olundum. Amma səsimi çıxarmadım. Həmin vaxt yan otaqlardan səs gəlirdi. Qardaşımı divarın o biri tərəfində döyürdülər. Mənim də dərdimi çəkməməyi üçün səssiz qalırdım. Bir gün məni 7-8 nəfər döydü. Huşumu itirdim. Sanki ölmüşdüm. Nəbzim vurmurdu. Ürəyim dayanmışdı. Məni küçəyə, zibillərin üstünə atmışdılar. Gecənin bir yarısı özümə gəldim. Sanki yuxudan ayıldım. Heç bir şey xatırlamırdım. İstədim gözlərimi açım, kipriklərim buz bağlamışdı. Aça bilmədim... Mənə çox işgəncələr ediblər. Düşünün ki, qışın günü məni Xankəndində bir evə apardılar. Məni çılpaq soyundurub, buz kimi suya girməyə məcbur etdilər. Bir müddət sonra isə sudan çıxarıb zəncirlə döydülər”.

Dürdanə Ağayevayaya edilən işgəncələr bununla bitməyib. Onu doğulub-böyüdüyü evə aparıb, bir daha vəhşicə döyüblər: “Bir anlıq onu düşündüm ki, həmin evdən ağ gəlinlikdə gəlin köçürəm. Bilirsiniz nə qədər ağırdır?! 20 yaşım var idi. Bütün arzularım puç oldu!... Xocalıda ölməmişəmsə, deməli burada da ölməyəcəyəm. Nəvələrimi Xocalıda böyüdəcəyəm. Bu arzu ilə yaşayıram”.

Teymur Məmmədov