AEM kosmetoloji mərkəzlərə müraciət edib
    • 4-07-2023, 13:22
    • 312

AEM kosmetoloji mərkəzlərə müraciət edib

Son zamanlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə kosmetoloji fəaliyyətlə baxlı çoxsaylı müraciətlər edilir.

Mərkəzdən News24.az-a verilən xəbərə görə, əhalini əsasən nazirlik tərəfindən kosmetoloji fəaliyyət göstərən mərkəzlərə, estetik klinikalarına nəzarətin necə aparılması, həmçinin bu mərkəzlərdə çalışanların təhsili (diplomu və s.) nəzərə alınıb alınmamsı maraqlandırır. Həmçinin kosmetoloji mərkəzin açılması üçün icazənin necə alınması və belə mərkəzlərə rəyin verilməsi hansı qaydalara əsasən həyata keçirilməsi aktual məsələlərdəndir.

Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsinin müdir müavini Ramik Quliyev bildirib ki, kosmetoloji xidmətin göstərilməsi tibbin bir sahəsi olub tibbi kosmetologiyaya daxil olan estetik problemlərin aradan qaldırılmasına yönəlib:

“Plastik cərrahiyəyə aid olan fəaliyyətlər tibbi kosmetologiyaya daxil deyil. Tibbi kosmetologiya prosedurları inyeksion prosedurlar, lazer epilyasiyası, müxtəlif növ aparat kosmetologiyasını aid etmək olar. Həmçinin bu prosedurlardan geniş yayılmış biorevitalizasiya, plazmaliftinq, mezoterapiyanı da aid etmək olar. Kosmetoloji iş üzrə ambulator xidmətin göstərilməsi özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına aid olduğundan bu fəaliyyəti göstərən müəssisələr müvafiq lisenziyalara malik olmalıdırlar. Bu müəssisələrdə fəaliyyət göstərənlər ali tibbi təhsilli həkimlər, yəni həkim-dermatoloqlar və onların rəhbərliyi altında fəaliyyət göstərən orta tibbi təhsilli tibb personalı olmalıdırlar. Bu personal qanuna uyğun olaraq 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunur. Bu məsələyə nəzarət Səhiyyə Nazirliyi tərəfindən planlı yoxlamalar və plandankənar yoxlamalar şəklində həyata keçirilir. Planlı yoxlamalar cari ilin sonunda növbəti il üçün qrafik şəklində müvafiq elektron resursa yerləşdirilir. Hər bir lisenziyaya malik müəssisə bu yoxlamaların siyahısı ilə tanış ola bilər. Plandankənar yoxlamalar isə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən əhalinin həyat və sağlamlığına təhlükəyə dair konkret faktlar əsasında müraciətlər daxil olduqda, habelə dövlət və yerli idarəetmə qurumlarından daxil olmuş rəsmi müraciətlər, eyni zamanda, mediada yayılmış məlumatlar əsasında təşkil olunur”.