Onkoloji xəstələrin dərman problemi - — həm qiyməti bahalaşıb, həm də...

Onkoloji xəstələrin dərman problemi - — həm qiyməti bahalaşıb, həm də... Sağlamlıq
Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov News24.az-a açıqlamasında deyib ki, son illərdə dünya iqtisadiyyatında baş verən tənəzzül dərman sektorunda da problemlər yaradıb. Millət vəkili qeyd edib ki, mövcud problemlər xüsusən şiş əleyhinə istifadə olunan xüsusi preparatlarının qiymətlərinin həddindən çox artmasına səbəb olub:



"Təbii ki, zaman içərisində də ona əlçatanlığın təmin edilməsində bəzi problemlər yaratmaqdadır. Hesab edirəm ki, ölkəmizdə icbari tibbi sığortanın imkanları daxilində şiş əleyhinə xüsusi preparatların təminatı məsələsinə dövlət tərəfindən dəstək olunması xəstələrin müalicəsinin daha effektiv və daha yüksək səviyyədə qurulmasına imkan yaradacaq. Milli Onkologiya Mərkəzi başda olmaqla Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin bu xəstəliyin müalicəsi ilə bağlı olan problemlərinin həlli istiqamətində ən effektiv addımların atılması üçün lazım olan qərarların verilməsiylə bağlı müzakirələr aparırlar. Biz əminik ki, yaxın gələcəkdə bu qərarların xoş nəticələrini cəmiyyətlə də rahatlıqla bölüşə biləcəyik", - deyə deputat qeyd edib. 


Aynurə Pənahqızı