“Həmin üzüyü gətirmək üçün Moskvaya getdik” – BAKIDA İNANILMAZ HADİSƏ
    • 6-07-2023, 13:19
    • 480

“Həmin üzüyü gətirmək üçün Moskvaya getdik” – BAKIDA İNANILMAZ HADİSƏ

Bakı şəhər Mikayıl Müşfiq küçəsindəki mənzildə xidmətçi işlədiyi evdən qızıl-zinət əşyaları oğurlayıb. 

News24.az
-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə iş açılmış Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Esmira Mikayılova (soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, Esmira 10-30 yanvar 2022-ci il tarixi aralığında xadimə kimi işlədiyi Nərmin və Heydər cütlüyünün evindən Nərminin atasından yadigar qalmış və onlar üçün böyük mənəvi dəyəri olan 2500 manat dəyərində 4 ədəd brilyant qaşlı,  750 əyarlı qızıl üzüyü oğurlayb. Bundan başqa o, evdən 550 manat dəyərində 585 əyarlı qızıl qadın üzüyünü, eləcə də, həmin yataq otağındakı şkafdan Heydərə məxsus 5100 manat dəyərində 750 əyarlı qızıl boyunbağını, mətbəxdən 150 manat dəyərində 1 ədəd “Huawei watch” markalı qol saatının sarj aparatnıı, mənzilin dəhlizindəki şkafın gözlüyündən 300 manat dəyərində markası müəyyən edilməyən optik eynəyi və 70 manat dəyərində istifadəsində GSM nömrəsi olmayan “Nokia 6310” markalı mobil telefonu ələ keçirib. O, ailəyə ümumilikdə 8670 manat maddi ziyan vurub.

Oğurluğun üstü açılandan sonra Esmira Mikayılova törətdiyi əməli etiraf edib. O, Bakı Dövlət Universitetində təhsil alan qızının dişlərini düzəltdirmək məqsədilə oğurluq etdiyini deyib. Ərindən ayrıldığını, oğlunun hərbi xidmətdə olduğunu və qızının BDU-da təhsil aldığını deyən qadın vurduğu ziyanı ödədiyini bildirib.

Esmiranın tələbə qızı isə ifadəsində anasının polis tərəfindən saxlanıldığını biləndən sonra onun buraxılması üçün ev sahiblərinə yalvardığını deyib. Ana və qızı oğurlanmış yadigar üzüyü geri qaytarmağa söz veriblər. Esmira Moskva Univermağına gedərək satdığı üzüyü axtarmağa başlayıb, lakin onu tapa bilməyib. Daha sonra o, üzüyün eynisini zərgərə sifariş verib və 1800 manat ödəyərək ev sahibinin atasından yadigar qalmış üzüyünün nüsxəsini hazırladıb. Lakin Nərmin xanım üzüyün saxta olduğunu başa düşüb və onu qəbul etməyib. O, ifadəsində deyib: “M.Muşviq küçəsindəki evdə yoldaşım və iki övladımla yaşayıram. 2021-ci ilin mart-aprel aylarına Esmira evimdə xadimə kimi işə başladı. Həmin ərəfədə Moskvada yaşayan atam vəfat etdi. Mərhum atamın qızıl üzüyünü götürmək məqsədi ilə yoldaşımla birgə 2022-ci ildə Moskvaya gedib üzüyü gətirdik. Mən və yoldaşım 2013-cü il tarixdə atamın 50 illiyi münasibətilə bu üzüyü ona hədiyyə etmişdik. Həmin üzük ağ qızıl və 750 əyarlı olmaqla üzərində 4 brilyant qaşı vardı. O üzüyün mənim üçün mənəvi dəyəri böyük idi. O üzüyü yataq otağınımda şkafa qoymuşdum”.

Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş şəxslər Esmiranı bağışladıqlarını və onlara dəymiş zərərin tam ödənildiyini bildiriblər.

Məhkəmə 39 yaşlı qadına 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun bədəninə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin Esmiraya ictimai tədbirlərdə iştirak etməmək, yaşayış yerini dəyişməmək kimi tələblər qoyulub.

Taleh Bağırov