HƏP-dən istefa verən İdarə Heyətinin üzvü:
    • 7-07-2023, 15:52
    • 351

HƏP-dən istefa verən İdarə Heyətinin üzvü: "Xəyanətkar damğası vurulmasın deyə..."

Xəbər verdiyimiz kimi, sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun təşkilatında təlatümlər başlayıb.

Belə ki, təşkilatın İdarə Heyətinin üzvü Murad Bayramoğlu öz feysbuk səhifəsində partiyadan getdiyini və özü ilə bərabər HƏP-in Culfa, Abşeron təşkilatlarından yüzlərlə üzvün çıxdığını bəyan edib. O, milli azadlıq hərəkatının lideri Elçibəyin portretinin fonunda olan foto ilə paylaşım edərək bunları yazıb: "Dəyərli dostlar, uzun zamandır mənim üçün çətin olan bir seçim qarşısında qalmışdım. Nəhayət ki, seçimimi edərək yaranmasının ilk günündən canla-başla əmək verdiyim HƏP-in İdarə Heyətinin üzvlüyündən, HƏP Abşeron rayon təşkilatının sədrliyindən, o cümlədən HƏP-in üzvlüyündən ayrılıram. Səbəb siyasi baxışlarımızın fərqliliyidir. HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) 06.07.2023-cü il tarixində, Culfa rayon təşkilatının 120 üzvü (toplam 572 üzv) imzalarını geri götürməklə partiyadan istefa verib. Hər birinə mənə dəyər verdikləri üçün minnətdaram, uğurlar arzulayıram".

Murad Bayramoğlu Musavat.com-a açıqlamasında partiyadan ayrılmasının əsas səbəblərindən birini qeyd edib: "İdarə Heyətinin qərarı ilə iyunun 24-ü Əbülfəz Elçibəyin məzarı ziyarət olunmalı idi, lakin partiyanın sədri Əli İnsanov buna icazə vermədi. Bu qadağanı öyrənən kimi ayrılmaq qərarına gəldim. Əvvəl də fikir ayrılığı olmuşdu. Biz bu yola fərqli amallarla çıxmışdıq. Zəlimxan Məmmədli ilə düşüncəm eyni idi. Biz yeni ofisə köçəndə Elçibəyin şəkli götürüldü. İlk narazılığım o zaman oldu. Gözləyirdim ki, Zəlimxan Məmmədli sərt reaksiya verəcək. O, simvolik şəkildir, dəyər kimi saxlamışdıq. Elçibəyin övladı FHN-də işləyir. İdarə Heyətinin bir neçə üzvü ilə danışıqlar oldu. Mənə dedilər ki, ayrılmağım satqınlıq, xəyanət kimi dəyərləndiriləcək. Hər kəs bilir ki, biz bu partiyada hakimiyyətin tərəfini saxlamışıq. Sosial mediada haqqımda absurd fikirlər yazılır. Abşeron, Culfa, Ordubad, Füzuli rayon təşkilatları özünü buraxıb. Abşeron və Culfa təşkilatlarının üzvlərinin hamısı partiyadan ayrılıb. Digər iki rayonun üzvü az idi, amma onlar da bizə qoşulduqlarını bildiriblər. 452 imzadan 290-ı partiyanın qeydiyyatdan keçməsi üçün yararlı imzadır".

M.Bayramoğlunun fikrincə, çox sayda üzvün HƏP-dən uzaqlaşması partiyanın dağılmasına gətirib çıxarmayacaq: "Narazı üzvlər çoxdur, sadəcə xəyanətkar damğası vurulmasın deyə partiyada qalırlar. Partiyadan yenə də çıxanlar olacaq, amma düşünmürəm ki, HƏP özünü buraxacaq. Yeni üzvlərin gətirilməsi üçün çalışacaqlarını düşünürəm. Mən yeni partiya haqqında düşünmürəm. Azərbaycan ağır dövrdən keçir. Zəngəzur məsələsi həll olmayana, tam sabitlik olmayana qədər hakimiyyətin üzərinə getməməliyik".