Quşların yaşadığı yerlərdən biri də yoxa çıxdı —  Yaşayış məntəqələri duz fırtınaları altında qala bilər
    • 10-07-2023, 12:43
    • 485

Quşların yaşadığı yerlərdən biri də yoxa çıxdı — Yaşayış məntəqələri duz fırtınaları altında qala bilər

"Urmiya gölü regionun ən böyük göllərindən biri idi. Bu gölün çoxsaylı turizm və rekreasiya əhəmiyyəti vardı. Yəni, ətraf ərazilərdə yaşayan insanlar üçün sanki bir nəfəslik idi".

Bu fikirləri News24.az-a açıqlamasında ekoloq Rövşən Abbasov Urmiya gölünün qurumasıyla bağlı fikirlərini bölüşərkən deyib. Ekoloq bildirib ki, Urmiya gölü canlı aləm üçün çox mühüm əhəmiyyətə malik olub:


"Urmiya gölü çox duzlu olduğundan burada çoxlu xərçəng kimilər yaşayırdı. Xüsusilə, burada çoxlu artemia yaşadığından əraziyə çoxlu quşlar gəlirdi. Yəni, miqrasiya edən quşlar onunla qidalanırdılar və burada qışlayırdılar. Artıq Urmiya gölü olmadığı üçün artemia da olmayacaq və quşlar da gəlməyəcək. Yəni, quşların əsas yaşadığı yerlərdə biri də artıq yoxa çıxdı". 

Ekoloq qeyd edib ki, Urmiya gölün quruması artıq öz fəsadlarını verməkdədir:

"Bu gölün quruması bölgədə ciddi ekoloji problemlər yaradacaq. Çünki gölün qurumasından sonra onun yerində böyük duz kütləsi yaranacaq və külək bu duzu ətrafa səpələyəcək. Yəni yaşayış məntəqələri demək olar ki, başdan-başa duz fırtınaları altında qala bilər. Qeyd edim ki, hətta bu hadisə artıq baş verməkdədir".

Urmiya gölünün qurudulmasının əsas səbəbinin plansız suvarma olduğunu qeyd edən müsahibimiz əlavə edib ki, bu göl artıq tarixin keçmişinə qovuşur: 

"Urmiya gölünə gələn çaylar üzərində bir neçə iri çay var idi. Həmin çayların üzərində bəndlər tikildi və bu çayların suvarma üzərindən götürüldü. Ona görə də, bu göl quruduldu. Hesab edirəm ki, istənilən hidroloq bu bəndlər tikilərkən Urmiya gölünün quruyacağını bilirdi. Mümkün deyildi ki, onu bilməsin. Necə ola bilər ki, sən gölə gələn suyun qabağını kəsib suvarmaya sərf edəsən və gölün qurumayacağını bilməyəsən?! Təəssüf ki, bunu etdilər və artıq Urmiya gölü sürətlə quruyub yoxa çıxmaqdadır".

Aynurə Pənahqızı