"Vaqner" muzdluları Rusiyanın nüvə bazasına girib və... - Qərb şok faktları yaydı
    • 11-07-2023, 18:59
    • 372

"Vaqner" muzdluları Rusiyanın nüvə bazasına girib və... - Qərb şok faktları yaydı

İyunun 24-də Moskvaya hücum zamanı “Vaqner” muzdlu əsgərlərinin bir qismi Rusiya ordusunun nüvə silahlarının saxlandığı möhkəmləndirilmiş bazasına doğru hərəkət ediblər.

News24.az xəbər verir ki, bu barədə “Reuters” qruplaşmanın hərəkətlərinin videosunu təhlil etdikdən və yerlilərlə söhbət apardıqdan sonra belə bir məqalə dərc edib.

Agentliyin məlumatına görə, “Vaqnerçilər” Voronej vilayətinin Talovaya şəhərinə çatıb, orada rus hərbçiləri onlarla döyüşüb. Müdafiə Nazirliyinin Ka-52 helikopterlərindən biri məhz bu yerin yanında vurulub. Muzdluların məqsədi Voronej-45 bazasına nüfuz etmək olub.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov “Reuters”ə bildirib ki, üsyançılar nüvə silahı olan hərbi bazanı ələ keçirə biliblər. Onun sözlərinə görə, “Vaqnerçilər” bel çantasında daşıya bilən kiçik nüvə yükləri almağa hazırlaşırdılar.

Bel çantalarında daşına bilən nüvə silahları Soyuq Müharibə dövründə yaradılıb. “Reuters” xatırladır ki, 1990-cı illərin əvvəllərində Rusiya və ABŞ onları məhv etmək barədə razılığa gəliblər. Bununla belə, ABŞ-ın nüvə silahının yayılmaması üzrə keçmiş rəsmiləri etiraf edirlər ki, Rusiya vədi poza bilər.

Budanovun dediklərini Kremlə yaxın mənbə qismən təsdiqləyib. Onun sözlərinə görə, “Vaqner” xüsusi diqqət zonasına düşə bilib. “Amerikalılar həyəcanlandılar, çünki orada nüvə silahları saxlanılır”, - mənbə əlavə edib.

Priqojinin iğtişaşlarının Kremldə narahatlığa səbəb olduğu və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə üsyançılarla erkən danışıqlara səbəb olduğu deyilir.

Akqabay