""Sürpriz" qiymətlər ölkəmizdə turizmin inkişafına zərbədir"
    • 12-07-2023, 12:28
    • 323

""Sürpriz" qiymətlər ölkəmizdə turizmin inkişafına zərbədir"

Son dönəmlər Bakının bəzi restoranlarında müştəri yeyib-içdikdən sonra hesabı ödəmək istəyəndə ona təqdim edilən çekdə sürprizlə qarşılaşır. Belə ki, çekdə məhsulların qiymətinin altında “servis haqqı” məbləği qeyd edilir. Müştəridən “çay pulu”nun bir növ rəsmiləşdirilmiş forması olan “servis haqqı” tələb olunmalıdırmı? İstehlakçıdan məcburi şəkildə belə bir ödəniş etməsi istənilə bilər? 


Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi News24.az-a açıqlamasında bildirib ki, yaxşı servis göstərməyən məkanlarda “servis haqqı”nın tələb olunması gülüncdür. “Görürsən ki, servis çox aşağıdır hələ xidmət haqqı da istəyir. Narazılıqlar ondan irəli gəlir ki, kimsə restorana gəlir, yeyib-içir və sonda ona istifadə etdiyi xidmətlərin çeki təqdim olunanda sürprizlə qarşılaşır. Məncə, restoranda belə bir qayda varsa, əvvəlcədən müştəriyə xəbərdarlıq edilməlidir. Bu təcrübə bütün restoranlarda tətbiq edilmir. Ora ilk dəfə üz tutan müştəri məlumatsız ola bilər. Maraqlıdır ki, bəzən yaxşı servis anlayışı olmayan məkanlarda xidmətə görə “servis haqqı” tələb olunur".  

"Restoranlarda “çay pulu” və ya “servis haqqı” verilməsi bütün dünyada adət edilmiş bir haldır. Fransada 1955-ci ildə “servis haqqı”nın hesaba daxil edilməsinə icazə verən qanun qəbul edilmişdi. Bizdə belə bir qanun yoxdur. “Çay pulu” məsələsində isə ölkələr arasında fərqliliklər var. Məsələn, bizdə və bir çox Avropa ölkələrində təqdim olunan hesabın 5-10 %-i qədər, ABŞ-da isə 15-25 %-i qədər “çay pulu” vermək ənənəsi var. Azərbaycanda “servis haqqı” daha çox bahalı və yüksək xidmət göstərən restoranlarda tələb olunur. Bəzi restoranlarda toplanan “çay pul”ları restoranın bütün əməkdaşları arasında bölünür. Bəzilərində isə hər ofisiant bu pulu özünə saxlayır”,- deyə ekspert yekunlaşdırıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirib ki, sözügedən hal istehlakçı hüquqlarının kobud pozulmasıdır: “Restoranlarda istehlakçıya yaxşı xidmət göstəriləndə o əlavə pul verir. Bəzi ölkələrdə müəyyən faizlər tətbiq olunur. Həmin faizi vermədikdə belə, istehlakçıdan heç nə tələb edilə bilməz. Azərbaycanda ildən-ilə isehlakçıların soyulması davam edir. O cümlədən, xidmət haqqı məsələsində restoranlarda özbaşınalıq var. Çayxanalarda da vəziyyət bundan geri qalmır. Bütün bu işlərin xidmət haqqı qanunvericilikdə göstərilməyib. Bu kimi məsələləri aidiyyatı qurumlara bildirəndə deyirlər ki, “öz əraziləridir, necə istəyirlərsə, elə də davranırlar”. 

Ekspert onu da bildirib ki, bu sahədə müvafiq qaydalar yoxdur: "Xidmət çekində “servis haqqı” 25 %-ə qədər qeyd olunur və istehlakçı bunu ödəməyə məcbur edilir. Əslində isə restoranda belə bir qayda tətbiq edirsə, istehlakçının bundan xəbəri olmalıdır. Bu situasiyada istehlakçı hüquqları kobud şəkildə pozulur. Ölkəmizdə turizmin inkişafına böyük zərbə vurur”.

Arzu