Prezident bu idmançıları mükafatlandırdı
    • 12-07-2023, 14:52
    • 155

Prezident bu idmançıları mükafatlandırdı

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 900 000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etməli, bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.