Taksi sürücüsü sükan arxasında yatdı, bir ailədən 3 nəfər öldü - TƏFƏRRÜAT
    • 19-07-2023, 15:44
    • 237

Taksi sürücüsü sükan arxasında yatdı, bir ailədən 3 nəfər öldü - TƏFƏRRÜAT

Baki-Qazax magistralının Kürdəmirdən keçən hissəsində bir ailədən 3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, idarə etdiyi “Mercedes” markalı avtomobili TIR-a çırpan 44 yaşlı İkram Məmmədova hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sürücü sükan arxasında yuxuya getdiyini etiraf edib. İ.Məmmədovun taksi kimi idarə etdiyi maşında sərnişin qismində olan Zərdab rayon sakinləri 46 yaşlı  Qalib Hüseynov, 35 yaşlı Aytəkin Hüseynova, 11 yaşlı Gülər Hüseynova ölüb. 12 yaşlı Aynur Hüseynli və 6 yaşlı Sabiq Hüseynov isə ağır xəsarət alıb.

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən mərhum A.Hüseynovanın atası qəzanın sürücü səhlənkarlığı səbəbindən baş verdiyini deyib:

“Qızım həyat yoldaşı Qalib Hüseynov və övladları ilə birgə bizə qonaq gəlmişdilər. Bir neçə gün sonra onlar taksi sürücüsü İkramın idarə etdiyi "Mercedes"lə Zərdaba- evlərinə yola düşdülər. Həmin günü axşama doğru, saat 4-də Kürdəmirdə yaşayan qohumlarım zəng edib Aytəkingilin qəzaya düşmələrini, qızımın, kürəkənim Qalibin və nəvəm Gülərin hadisə yerində öldüyünü, digər nəvələrim Aynurun və Sabiqin isə xəsarət aldıqlarını dedilər. Sonradan bizə məlum oldu ki,  qəza yolda taksi sürücüsü sükan arxasında yatdığı üçün baş verib. Maşın yük avtomobilinin arxa hissəsinə çırpılıb”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə taksi sürücüsünə 8 il həbs cəzası təyin edilib. Onun daha 4 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Taleh Bağırov