Qəzada ölən polkovnik-leytenantın arvadı 1 milyon manat tələb etdi
    • 19-07-2023, 23:48
    • 431

Qəzada ölən polkovnik-leytenantın arvadı 1 milyon manat tələb etdi

Xəbər verdiyimiz kimi dünən İsmayıllı rayon Məhkəməsinin hökmü ilə ötən il noyabrın 19-da polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürən sürücü həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, mərhum zabitin həyat yoldaşı “Toyota Carolla” markalı avtomobillə ərini vuran 1999-cu il təvəllüdlü Arif Mirzəyevin həbs ilə yanaşı onun mənəvi zərərə görə 1 milyon ödəməsini də tələb edibmiş.

Zərərçəkmiş şəxs qismində tanınmış Ülkər Əhmədova ərinin tanınmış və nüfuzlu şəxs olduğunu, ayzaşlı övladlarını böyütməkdə tək qaldığını deyərək böyük məbləğdə pul tələb edib. O, ifadəsində deyib: “Mərdanla 2008-ci  ailə qurmuşdum. 13 və 6 yaşlı iki övladımız var. Ötən il noyabrın 19 -da həyat yoldaşım İsmayıllıya “Qala Palace” şadlıq sarayına toya getmişdi.

Mən uşaqlarla birlikdə Bakıda idim. Axşam saat 8-də qohumlarımdan biri zəng edərək Mərdanı maşın vuduğunu, ağır yaralandığını və təcili İsmayıllıya gəlməli olduğumu bildirdi. Atamla birgə İsmayıllıya gəldik və məlum oldu ki, Mərdan artıq dünyasını dəyişib. Bu hadisədən sonra çox ağır sarsıntı keçirdim. Mərdan nəinki yaxşı ailə başçısı, həmçinin ehtiyatda olan yüksək ixtisaslı hərbiçi idi. Onun vəfatı cəmiyyət üçün də böyük itkidir. Bununla heç cür barışmaq istəmirəm. Hadisənin baş verməsinə səbəb “Toyota Corolla” markalı avtomaşının sürücüsü Arif Mirzəyevin son dərəcədə səhlənkarlığı olub. Ona görə də, təqsirləndirilən tərəfdən edilmiş bütün barışıq təkliflərini rədd edirəm”.

Ü.Əhmədova qarşı tərəfdən 1 milyon manat tələb etdiyini deyib: “Yoldaşımın ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən Mərdanın aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960 manat, uşaqların yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənilməsini tələb edirəm. Mülki iddia ilə bağlı ilkin sübutlar məhkəməyə təqdim edilib”.

İsmayıllı Rayon Məhkəməsi cinayət işi üzrə ittihamedici hökm çıxarsa da, pul tələbi ilə bağlı mülki iddianı baxılmamış saxlayıb.

Qeyd edək ki, sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mərdan Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti tərəfindən qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə təltif olunub.

Taleh Bağırov