"Dövlət paytaxt nəqliyyatına investisiya qoymalıdır" - Ekspert
    • 20-07-2023, 19:03
    • 265

"Dövlət paytaxt nəqliyyatına investisiya qoymalıdır" - Ekspert

Ötən gün Vahid Dispetçer Xidməti son günlər paytaxt ərazisində ictimai nəqliyyatın hərəkət intervalında ciddi sıxıntılar müşahidə olunduğu barədə məlumat yayıb. 

News24.az xəbər verir ki, iyulun 19-u səhərin pik saatlarında ümumilikdə 192 avtobusun hərəkət intervalında gecikmələr olub.

Bu hallar əsasən Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar, 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov, Rövşən Cəfərov, Cavadxan və Asif Məhərrəmov küçələri, Ziya Bünyadov prospekti, Binəqədi şosesindən şəhər istiqamətinə gələn yolda və digər intensiv hərəkət zolaqlarında qeydə alınıb. 

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyir ki, daşıyıcılar bunu əsasən tıxacla əlaqələndirsələr də, gecikmələrə səbəb olan hallar bir-biri ilə sıx bağlıdır. Onların arasında nəqliyyat qrafikinin pozulmasını, marşrut avtobusların bəzi ərazilərdən keçərkən dayanacaqda sərnişin götürə bilməməsini və s. misal göstərmək olar. 

“Belə hallarda əhali fərdi avtomobillərə üstünlük verir, bu da yollarda uzun məsafəli tıxaclar əmələ gətirir və paytaxtın nəqliyyatı daha pis vəziyyətə düşür. Hesab edirəm ki, Bakı və Abşeron ərazisində ictimai nəqliyyat sisteminin inkişafına dövlət investisiyası qoyulmalıdır. Son dövrlərin təcrübəsi göstərir ki, heç bir sahibkar bu sahəyə sərmayə qoymaqda maraqlı deyil. Çünki sahibkar ilk növbədə təbii olaraq pul qazanmaq istəyir, amma buna nail olacağına əmin deyil. Ona görə də dövlət bu işi nəzarətə götürməlidir. İlk növbədə metro şəbəkəsi genişləndirilməli, tramvay xətləri bərpa olunmalı, şəhərətrafı qatarların hərəkət qrafiki azaldılmalıdır. Digər tərəfdən dövlət avtobus marşrutlarının sayını artırmalıdır”

Fərid Azəri