Mövsümi risklər və çıxış yolları…
    • 24-07-2023, 15:23
    • 261

Mövsümi risklər və çıxış yolları…

Hər bir dövrün və hətta hər bir mövsümün özünəxas riskləri olur. Yay mövsümünün də xarakterik riskləri mövcuddur və bu risklər qaçılmazdır. Bu mövsüm əhali üçün əsasən, səyahət-istirahət planları aktual olduğu üçün risklər də məhz bu istiqamətdən qaynaqlanır. 

Bəs bu risklərdən necə qoruna bilərik ?

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev News24.az-a açıqlamasında bildirib ki, yay mövsümü ərzində ən çox rastlaşılan risklərdən biri məhz səyahət zamanı xəstəliklərə yoluxma, habelə bədən xəsarəti alma, səfərin vətəndaşdan asılı olmayaraq, təxirə salınması, səfər zamanı baqajın və digər əmlakların itirilməsi ilə bağlı oluduğunu deyib: 

“Belə olan halda vətəndaşlar bu kimi risklərin yaradacağı maddi itkilərin qarşısını almaq üçün səyahətə çıxan zaman səfər sığortası məhsullarını əldə edə bilərlər. Bu sığorta məhsulu könüllüdür və hər bir vətəndaş istənilən qeyri-həyat sığorta şirkətinə müraciət etməklə bu məhsulu əldə edərək arxayınlıqla səfər edə bilər. 

Yay fəslində ən çox qeydə alınan risklərdən biri də mövsümi xəstəliklərlə bağlıdır. Bunu nəzərə alaraq vətəndaşlarımız gözlənilən risklər nəticəsində səhiyyə xərclərini azaltmaq üçün klassik sığorta bazarının təklif etdiyi könüllü “Tibbi sığorta” məhsuluna müraciət edə bilərlər. Doğrudur, bu gün ölkəmizdə icbari tibbi sığorta mexanizmi də işləkdir. Lakin könüllü tibbi sığortanın başlıca fərqi ondan ibarətdir ki, burada sığortalılara təklif olunan xidmətlər zərfi və tibbi müəssisə siyahısı daha genişdir və sığorta şirkətləri bu könüllü sığorta növü üzrə hər kəsin tələbinə uyğun fərqli sığorta məhsulları təklif edirlər. 

Hər bir dövr üçün olduğu kimi yay fəslində də xüsusilə, xarakterik olan risklərdən biri də məhz avtonəqliyyatların hərəkəti və ya hərəkətsizliyi ilə bağlıdır. Bildiyimiz kimi, vətəndaşlarımız daxili tur səfərlər zamanı əksər hallarda öz şəxsi avtomobillərindən istifadə edirlər. Bu zaman avtonəqliyyat qəzaları, üçüncü şəxslərin avtomobilə qarşı hərəkəti, avtomobilin oğurlanması, qaçırılması və ya soyğunçuluq, təbii fəlakət, habelə kənd yerlərinə səfər zamanı heyvanların hərəkəti riskləri avtomobil üçün aktual olur. Məhz bu kimi risklər nəticəsində yarana biləcək gözlənilməz maddi itkinin qarşısını məhz Kasko sığorta məhsulunu əldə etməklə ala bilərik. Sığorta şirkətləri tərəfindən təqdim olunan Kasko məhsullarına əlçatanlığın təmin olunması məqsədilə avtomobil sahibləri bu gün bu məhsulu hissəvi ödənişlərlə də əldə edə bilirlər. 

Yay fəsli üçün xarakterik risklərdən biri də daşınmaz əmlaklarımızla bağlı olan risklərdir. Biz yay aylarında istirahət üçün səyahətə çıxarkən mənzilimiz istər-istəməz nəzarətsiz qalır. Bu da daşınmaz əmlakımızı hər cür risk ilə qarşı-qarşıya qoyur. Bu risklər sırasında subasma, yanğın, təbii fəlakət və digər risklərin adını çəkə bilərik. Lakin səfərə çıxmazdan əvvəl mənzilimizi sığortalasaq, baş verə biləcək risklərin maddi itkisinin qarşısını almış olarıq. Daşınmaz əmlak sığortası bu gün ölkəmizdə icbari olaraq tətbiq olunur. Mənzil sahibləri Bakı şəhərində 50 manat, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində 40 manat, digər şəhər və rayonlarda isə 30 manat ödəməklə analoji olaraq 25 min, 20 min və 15 min manata qədər sığorta təminatı əldə edə bilərlər”.

Nərmin Murad