Rusiya-İran gərginliyi: Münasibətlər toqquşma həddinə çatacaq?
    • 24-07-2023, 19:04
    • 249

Rusiya-İran gərginliyi: Münasibətlər toqquşma həddinə çatacaq?

Körfəz Əməkdaşlıq Şurasının Rusiya paytaxtında qəbul olunan son bəyanatına cavab olaraq İran Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bəyan edilib ki, İran bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və problemlərin danışıqlar yolu ilə həllini vacib sayır. Halbuki, İran bir qədər əvvəl Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım edib, onun müdaxiləsini dəstəkləyib. 

News24.az-a açıqlaması zamanı siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Moskvada belə bir bəyanatın qəbul edilməsi – Bəsrə körfəzində olan 3 adanı Birləşmiş Ərəb Əmirliklərinin ərazisi olaraq tanınması Rusiyanın körfəz ölkələri ilə əlaqələrində yeni mərhələnin başlanmasına hesablanmış addımdır.

Onun sözlərinə görə, Ukraynada müharibənin getdiyi vaxt Rusiya beynəlxalq təcridə qarşı siyasət yürüdür və zəngin ərəb ölkələri həm siyasi, həm iqtisadi baxımdan onun üçün əhəmiyyətlidir.



“Doğrudur, İran adalar məsələsinə həssas yanaşır, amma Rusiyaya qarşı aparılan kampaniya bir növ vəziyyətdən istifadə kimi görünür. Bunun bir neçə səbəbi var:

Birincisi, NATO-nun Vilnüs sammitində Rusiyaya qarşı top-yekun cəbhənin formalaşdırılması istiqamətində addım atıldı, bunun Ukrayna müharibəsinin nəticəsinə nə qədər təsir edəcəyini demək hələ tez olsa da, Moskvanın beynəlxalq təcridinin güclənəcəyi perspektivi vəd edir və İran Rusiyanın yanında olmaq istəmir; İkincisi, nüvə danışıqları ilə bağlı məsələ yenidən gündəmdədir və İranın bu danışıqlardan gözləntiləri var; Bu situasiya fonunda İrana Rusiyadan uzaqlaşmaq, yaxud ən azı bu görüntünü vermək lazımdır. Adalar məsələsi Tehran üçün əsas yaratdı”.

A.Nərimanlı hesab edir ki, İran-Rusiya münasibətləri toqquşma həddinə çatmayacaq, çünki hər iki ölkənin vəziyyəti bir-birinə ehtiyacı artırır. 
“Vəziyyət qırılma nöqtəsinə çatarsa, Rusiya üçün çətinliklər vəd edir. Qeyd etdiyim kimi İranın Qərbdən gözləntiləri var, bu gözləntilərin nə qədər reallaşacağı proseslərin inkişafına təsir edəcək. Lakin bu gözləntilərin reallaşacağı ehtimalı az görünür, çünki beynəlxalq müstəvidə İranın mövcud rejiminin dəyişdirilməsini istəyən qüvvələr də aktiv fəaliyyətdədir, o baxımdan, nüvə danışıqlarının uğurlu olacağı gözləntisi azdır”, - deyə o yekunlaşdırıb. 

Arzu