İŞİD-də döyüşən qardaşların məhkəməsi başlayır
    • 26-07-2023, 18:24
    • 214

İŞİD-də döyüşən qardaşların məhkəməsi başlayır

"İŞİD" terror təşkilatının sıralarına qoşularaq döyüş təlimlərində iştirak etməkdə və terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinən Mircəlal və Mircavid Salahov qardaşlarının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib.

Cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələniblər. Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənmişdir.

Həmçinin müəyyən edilmişdir ki, Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunmuşdur. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanmışdır.

İttihama görə, Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.