-
- 29-07-2023, 18:27
- 242
Bir sıra ərazilərdə güclü küləyin fəsadlarının qarşısı alındı
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonu, Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri tərəfindən müvafiq qaydada götürülərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.
Bundan başqa, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində aşaraq vətəndaşların sərbəst hərəkətinə maneə yaradan ağac əraziyə cəlb edilən XRXX-nin xilasediciləri tərəfindən ərazidən götürülərək vətəndaşların sərbəst hərəkəti təmin edilib.
Eyni zamanda, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində beşmərtəbəli yaşayış binasının damından asılı vəziyyətdə qalan yağış sularının axıdılması üçün nəzərdə tutulan təqribən 4 metr uzunluğunda olan dəmir boru xüsusi vasitələrlə kəsilərək götürülüb və sakinlərin təhlükəsizliyi təmin edilib.