Keyfiyyətli əti necə seçək? - Mütəxəssis məsləhəti
    • 31-10-2024, 17:53
    • 637

Keyfiyyətli əti necə seçək? - Mütəxəssis məsləhəti

Azərbaycanda demək olar əksər insanlar keyfiyyətli ət almaq üçün tanış qəssab yaxud, məsləhətli yer axtarırlar. 

Lakin hər dəfə evdə üzümüzü ağ edən ət tapa bilmirik. Hər bir alıcının yaxşı əti seçmək üçün təməl biliklərinin olması vacibdir. Keyfiyyətli əti necə seçə bilərik, aldanmamaq üçün hansı məlumatlar bizə gərəkdir?

Movzu ilə bağlı qəssab Əkbər Qasımov News24.az-a danışıb. Onun sözlərinə keyfiyyətli ət ən birinci rəngindən bilinir: 

“Yaxşı mal əti açıq qırmızı rəngdə, yaxşı qoyun əti isə mal ətindən bir az tünd olur. Ümumiyyətlə hər iki ətin rəngi göz oxşamalıdır. Çünki mal və qoyun təbiətdən qidalanır, ən gözəl nemətləri yeyirlər. Ot yeyən heyvanın rəngi parıldamalıdır. Bundan başqa ətin qoxusu da keyfiyyətində önəmli rol oynayır. Ətin qoxusu çox xoş və təravətli olmalıdır, ətri 20 sm məsafədən hiss olunmalıdır. 

Ətdən qəti şəkildə turş qoxu gəlməməlidir. Bir çox alıcılar fikir vermir, ya da qarışdırır, ancaq ətə əl vurun, ət çox yumşaq, boş və palçıq kimi olmamalıdır. Bir qayda olaraq yaxşı ət elastik və ələ yatan olmalıdır. 

Bilmək lazımdır ki, yaxşı ət quru olur, əllərə yapışmır, əldə heç bir iz qoymur və maye buraxmır. Qeyd edim ki, ətin piyi də onun keyfiyyətindən xəbər verir. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin ağ parıltı rəngdə olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə və çox quru olur. Ümumiyyətlə yalnız təzə ət alın. Belə ət daha dadlı və insan üçün xeyirlidir, onun tərkibində olan bütün faydalı maddələr orqanizmdə müsbət rol oynayır.

Dondurulmuş ət almağı tövsiyyə etmirəm, onun keyfiyyətli olub-olmadığını təyin etmək çox çətindir. Bundan əlavə, dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir. Yaşlı nəsil yaxşı bilir, o vaxtlar əti barmaqlarımızla sıxırdıq, yaranan batıq dərhal düzəlirdisə onu alırdıq. Yaxşı olardı ki, həmişə təzə ət alın, qoca ət çox gec bişir, həm də yeyərkən çeynəmək çox çətin olur. Ən yaxşısı əti tanıdığınız, güvəndiyiniz və sertifikatı olan ət dükanlarından alın”. 

Ağa