Prezident İlham Əliyev jurnalist Tomas Qoltzun ailəsinə başsağlığı verdi
    • 29-07-2023, 18:52
    • 119

Prezident İlham Əliyev jurnalist Tomas Qoltzun ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev məşhur jurnalist, yazıçı və publisist Tomas Qoltzun vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
News24.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda Tomas Qoltzun uzun illərdən bəri jurnalistika sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə böyük nüfuz qazandığını, dərin araşdırmaları, hərtərəfli, qərəzsiz təhlilləri və məqalələri ilə “qaynar” münaqişə nöqtələrində sülhə və barışığa nail olunmasına töhfə verdiyini vurğulayıb.
Məktubda deyilir: “Tomas Qoltz Azərbaycanın böyük dostu idi. O, Azərbaycana dəfələrlə səfər etmiş, ölkəmizin ən əhəmiyyətli tarixi anlarına şahidlik etmişdir. Azərbaycanda ona hər zaman xüsusi hörmət və rəğbətlə yanaşmışlar. Tomas Qoltz 1992-ci ilin fevralında Xocalı soyqırımından sonra faciə ilə bağlı dünya ictimaiyyətinə məlumatları çatdıran ilk jurnalistlərdən idi. Onun artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı məqalələrin, kitabların və çəkdiyi filmlərin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz töhfəsi olmuşdur”.
Tomas Qoltzla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasında mövcud olmuş hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutduğunu qeyd edən Prezident İlham Əliyev onunla görüşlərini və söhbətlərini, xüsusilə də bu ilin mayında Şuşadakı görüşü həmişə ən xoş təəssüratlarla xatırladığını bildirib. Vurğulayıb ki, Tomas Qoltzun parlaq xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.