Lənkəranda şirkət rəhbərinə cinayət işi BAŞLANILDI
    • 1-08-2023, 12:09
    • 361

Lənkəranda şirkət rəhbərinə cinayət işi BAŞLANILDI

Lənkəranda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lənkəran rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, Lənkəran rayonunun Ürgə kəndi ərazisində yerləşən “Shibagro” MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən su kanallarının mühafizə zolağında ağacların kəsilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla MMC-nin direktoru Xətai Babayevin göstərişi əsasında qeyd olunan ərazidə 88 ədəd müxtəlifcinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 18 min 880 manat ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Samir Əli