İnsanlığın sərin və şirin BƏLASI - ENERJİLİ İÇKİLƏR
    • 2-08-2023, 18:13
    • 242

İnsanlığın sərin və şirin BƏLASI - ENERJİLİ İÇKİLƏR

Yay fəsli ilə əlaqədar olaraq su ehtiyacını qarşılamaq üçün əlində enerji içkisi ilə gözə dəyən cavanların sayında artım nəzərə çarpır. Son illərin zərərli vərdişlərindən biri də insanların kütləvi şəkildə enerji içkilərinə meyl etməsidir. Ayrı-ayrı brendlər altında Azərbaycan bazarına daxil olan bu içkilərin insan sağlamlığına zərəri danılmazdır. İnsan orqanizmində müəyyən fəsadlar yaradan bu içkilərin qəbulunu həkimlər qadağan etmirlər. Sadəcə həmin içkilərin qəbulu qaydasında olmalıdır. Maraqlıdır, dünyanın bir çöx ölkəsində qadağan olunan bu içkilər bizdə niyə səhərdən-axşamadək reklam olunur? Ümumiyyətlə, buna  nece nəzarət olunur?

Mövzu ilə bağlı News24.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov dedi ki, ümümiyyətlə bütün qazlı içkilər zərərlidir. Onlar da mütəmadi olaraq içildiyində insan sağlamlığına ziyan vurur. Enerji içkiləri ilə qazlı suların fərqi isə süni verdiyi enerjidir



O, bildirdi ki, enerji içkilərinin tərkibində taurin və kofein yüksəkdir. İnsana müvəqqəti enerji versə də sonradan baş ağrısı və halsızlıq ilə özünü biruzə verir. Mütəmadi içildikdə isə ürək çatışmamazlığına gətirib çıxara bilir:

"Mən düşünürəm ki, gənclər, xüsusilə yaşlılar bu qida və içkilərdən uzaq durmalıdırlar, orta nəsildə içərsə, bir dənə ilə kifayətlənməlidirlər. Yəni çox istehlak etməməlidirlər. Çünki nəzərə alınmalıdır ki, onların tərkibində olan qatqı maddələri get gedə yığılır. İnsan orqanizmində sintez olunmur və bu da hansısa bir xəstəliyin, məsələn ürək, qan damar xəstəliyin  ortaya çıxmasına səbəb olur"

Mütəxəssis qeyd etdi ki, 50 ml enerji içkilərinin tərkibində olan kofein ikiqat olur:

"Nəzərə alsaq ki, 50 ml yox, bir bankası 100 ml olan enerji içkisini içən insanlar iki qat "dbl espresso" qəbul etmiş olur. Hətta bir qutuyla da kifayətlənməyən insanlar var. Bu içkilərdə kofein miqdarının çox olması insanların sağlamlığına ciddi zərbə vurur. Təəssüflər olsun ki, bəzi valideynlər uşaqları susdurmaq üçün və ya onları mükafatlandırmaq üçün özləri bu enerji içkilərini uşaqlara alıb verirlər. Bu da valideynlərin məlumatsız olmasndan, maariflənmə bacarıqlarının aşağı olmasıyla əlaqədardır".

Mövzu ilə bağlı AQTA-ya göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, 2020-ci il 1 yanvar tarixindən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir:

"Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.

Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir".

Aydan Beydullayeva