ABŞ gəmisi Yaponiyanı tərk etdi
    • 17-05-2024, 13:34
    • 181

ABŞ gəmisi Yaponiyanı tərk etdi

ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi USS Ronald Reagan 2015-ci ildə başlayan missiyasını başa vurduqdan sonra Yaponiyanın Tokio şəhərindəki Yokosuka hərbi dəniz bazasını tərk edib.

News24.az xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, USS Ronald Reagan-ın komandiri, kapitan Daryl Cardone dəniz bazasından ayrılarkən mətbuata etdiyi çıxışında Yaponiyanı ekipaj üçün “ikinci vətən” adlandırıb.

Cardone, gəminin və heyətinin beynəlxalq hüququn aliliyini qorumaq və azad və açıq Hind-Sakit okean regionunu qorumaq üçün səfərbər edildiyini bildirib.

ABŞ-ın Tokiodakı səfiri Rahm İsrael Emanuel gəminin ekipajını Hind-Sakit Okeanın təhlükəsizliyini və sabitliyini qorumaqda göstərdikləri fədakarlığa görə təbrik edib.

Bildirək ki, 2015-ci ilin oktyabrında Yokosukada dayanan təyyarədaşıyan Çinin Hind-Sakit Okean hövzəsi və Şimali Koreyanın nüvə və raket təhdidlərinə artan təsirinə qarşı bölgədə patrulluq edib.

Nüvə enerjisi ilə işləyən gəmi 2011-ci ilin martında baş vermiş zəlzələ və nüvə fəlakətindən sonra Yaponiyada təşkil olunan “Tomodaçi əməliyyatı”nda (Dost əməliyyatı) iştirak edib.

Günel Məlikzadə