Rəsmi Moskva: Bayramov və Mirzoyana təklif etdik ki...
    • 4-08-2023, 11:43
    • 240

Rəsmi Moskva: Bayramov və Mirzoyana təklif etdik ki...

“İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Qarabağda son dərəcə mürəkkəb vəziyyət fonunda baş tutub. Həssas təfərrüatları açıqlamadan deyə bilərəm ki, gərginliyi azaltmaq üçün tərəfimizdən güzəştə getmək və kompromis həll yolları təklif edilib”.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

“Heç kimdə şübhə yoxdur ki, Rusiya özünün coğrafi mövqeyinə, tarixi keçmişinə, əlaqələrinin həcminə və xarakterinə görə Cənubi Qafqazda problemlərinin həllindən kənarda qala bilməz və olmamalıdır. Bizim marağımız həmişə Rusiyanın düşmənlərinin nə deməsindən asılı olmayaraq regionda davamlı sülh və sabitliyin bərqərar olması olub və bundan ibarətdir. Biz bütün mərhələlərdə Qarabağ münaqişəsinin həllində fəal iştirak etmişik. 2020-ci ilin noyabrında prezident Vladimir Putinin şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan arasında barışıq prosesinin hazırkı mərhələsinin əsasları qoyuldu, 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair yol xəritəsi hazırlanmışdır. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər imzalanıb. 

Biz bütün istiqamətlər üzrə vasitəçilik səylərini davam etdiririk, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, ictimaiyyət nümayəndələri və ekspertlər arasında dialoqun inkişafı. Hər şey istədiyimiz qədər sürətlə getmir, lakin bu, münaqişə illərində yığılmış problemlər və ziddiyyətlər silsiləsi nəzərə alınmaqla başa düşüləndir”, - Qonçar qeyd edib.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının blokunun açılmasına gəlincə, o əlavə edib ki, bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə ətraflı müzakirə olunur.

Akqabay