"Ermənilər vətəndaşlıq almaqla bağlı tez-tez zəng edirlər" - QHT sədri
    • 4-08-2023, 14:25
    • 469

"Ermənilər vətəndaşlıq almaqla bağlı tez-tez zəng edirlər" - QHT sədri

"Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub".

Bu sözləri News24.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva dedi.

O bildirdi ki, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər:

"Müraciətlərin çoxu ekoloqların aksiyasının keçirildiyi ərazidən keçmək, daha sonra keçid məntəqəsinin quraşdırılması, Rusiya sülhməramlılarının və Qarabağın Ermənistan daxili orqanlarının hərəkətləri ilə bağlı olub. Bildiyiniz kimi, onların qərarı heç də həmişə Azərbaycan tərəfdən asılı olmayıb".

D.Əfəndiyeva bildirdi ki, ermənilər əsasən "Whatsapp" vasitəsilə əlaqə saxlayırlar:

"Onların tez-tez verdiyi suallardan biri də Azərbaycan vətəndaşlığı almaqla bağlıdır. Biz də bu prosesin necə olduğunu onlara başa salmışıq. Əlaqə saxlayanlardan hələ ki, heç kim vətəndaşlıq üçün müraciət etməyib. Bu da  başa düşüləndir. Onlar separatçılardan qorxub çəkinirlər. Həmçinin qaynar xəttimizə ermənilər tərəfindən hədə-qorxu və təhqir ismarıcları da gəlib.."

Aydan Beydullayeva