Jirinovskinin nikahdankənar oğlu atasının mirasından PAY İSTƏDİ
    • 4-08-2023, 17:54
    • 447

Jirinovskinin nikahdankənar oğlu atasının mirasından PAY İSTƏDİ

Ötən ilin aprelində vəfat edən rusiyalı siyasətçi Vladimir Jirinovskinin nikahdankənar oğlu, 37 yaşlı Oleq Qazdarov məhkəməyə müraciət ünvanlayıb. 

News24.az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, Moskvanın Nikulin Rayon Məhkəməsinə verdiyi ərizədə o, V. Jirinovskinin oğlu olmasının rəsmiləşdirilməsi, eləcə də vərəsəlik hüququnun tanınmasını tələb edib. 

Məlumata görə, Vladimir Jirinovski onun anası Janna Qazdarova ilə Osetiyada səfərdə ikən tanış olub. Oleqin özü isə nənəsinin himayəsində böyüyüb.

Sonrakı illərdə Moskva Dövlət Açıq Universitetini və Rusiya Xarici İşlər Nazirliyinin diplomatik akademiyasını bitirib. 

Qeyd edək ki, ilk dəfə O. Qazdarov 1995-ci ildə ictimaiyyət qarşısına çıxıb. Vaxtilə bioloji atasının rəhbərlik etdiyi Rusiya Liberal Demokrat Partiyasıından Dövlət Dumasının deputatı seçilmiş O.Qazdarov bir müddət onun köməkçisi də olub. Lakin sonradan ictimaiyyətə açıqlanmayan səbəbdən Vladimir Jirinovski oğlunu həm yanından, həm də partiyadan qovaraq, Duma-nın üzvlüyündən də istefaya məcbur edib.

Həmin dövrdən sonra Oleq Qazdarov ümumiyyətlə görünməyib. 

Fərid Azəri