Abituriyentler niyə xaricə üz tutur?
    • 8-08-2023, 14:49
    • 285

Abituriyentler niyə xaricə üz tutur?

Hər il bu vaxtlar valideynlərin və gənclərin ali məktəb seçimi ilə bağlı təlaşı başlayır. Müşahidələrə görə, Azərbaycanda tələbə olmaq istəyənlərin sayı getdikcə azalmaqdadır. Gənclər daha çox xaricdə təhsil almağa üstünlük verirlər.

Bəs görəsən, bunun real səbəbi nədir? Niyə gənclərimiz təhsil üçün xarici universitetlərə daha çox maraq göstərirlər?


Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Etibar Əliyev bildirdi ki, bu, əsasən vətəndaşın öz seçimidir:
“Azərbaycanda bakalavriat və magistratura pilləsinə tələbə qəbulu həyata keçirilir. Ali məktəblərə daxil ola bilməyənlər xarici ölkələrə üz tuturlar. Əvvəl dəbdə Ukrayna idi , indi isə camaat Türkiyəyə axın edir. Öz ana dilində imtahan verib 200 bal toplayan adam xarici dildə necə təhsil alacaq?”

Millət vəkili qeyd etdi ki, başqa məsələ isə imtahandan yüksək bal toplayan abituriyentləri ölkəmizdəki təhsilin qane etməməsidir:
 
“Onlar bizim təhsil sistemimizə uyğunlaşa bilmirlər. İstəyirlər ki, daha yaxşı təhsil alsınlar və daha yaxşı mütəxəssis kimi hazırlansınlar. Digər tərəfdən, Azərbaycan xaricdə fəaliyyət göstərən nüfuzlu ali məktəblərdə Azərbaycanın ən istedadlı gənclərinin təhsil almasında maraqlıdır. Bu il dövlət hesabına xaricə 2000 nəfərin göndərilməsi nəzərdə tutulur. Ancaq çox yaxşı olardı ki, göndərilən tələbələr 5il Azərbaycanda fəaliyyət göstərsin. Onların fəaliyyəti gənclərdə müəyyən motivasiyalar yarada bilər.
 
Ölkədə təhsilin keyfiyyəti, ali təhsilin əlçatan olması istiqamətində çox ciddi işlər görülməlidir. Bu gün Azərbaycan vətəndaşının özəl ali məktəbə etibarı yoxdur. Əksər hallarda çox aşağı bal toplayanlar özəl ali məktəblərə üz tuturlar” -deyə deputat fikrini yekunlaşdırdı.
 
Mövzu ilə bağlı News24.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev isə bildirdi ki, xaricdə təhsil almaq məsələsi vətəndaşların öz seçimidir. Amma bu hal bir növ ənənəvi hal alıb:


“Məlum olduğu kimi, bəzi dövlət və özəl sektorda xaricdə təhsil alanlara üstünlük verilir və bu da təbii insanları xaricdə təhsil almağa təşviq edir. Tələbələr adətən xaricdə təhsilə üç yolla müraciət edirlər: attestatla qeyri-leqal, dövlət xətti ilə və öz hesabına”.

Ekspert qeyd etdi ki, ölkəmizdə hər il ali təhsil müəssisələrinə qəbul olanların sayı təxminən 45 -50 min nəfər üzəridir və yerdə qalan 80 min nəfər xaricdə təhsilə müraciət edirsə, onların əksəriyyəti attestatla qəbul olurlar.

Təbii ki, atestatla qəbul qeyri-leqal yol hesab olunduğu üçün burada diplomun tanınması ilə bağlı ciddi problemlər var. Amma abuturiyent dövlət xətti ilə xaricdə universitetə qəbul olduqda, rahatlıqla gəlib öz ölkəsində çalışa bilir. Hal-hazırda ölkəmizdə  çoxluq yenə də məhz attestatla qəbul olanlardır. İxtisas və universitet seçərkən çox diqqətli olmalıdırlar”.

E.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda  yalnız əyani diplomlar tanınır. Qiyabi və distant təhsil tanınmır, Əyani təhsil aldıqları zamanda həmin universitetin reytinqinə baxmalıdırlar ki, universitet ən azı dünya üzrə ilk beş yüzlükdə yer alır, yoxsa yox. Bu kimi məqamlar olduğu halda diplomun tanınması ilə bağlı problem yaranmayacaq:

“Xaricdə təhsili öz təşəbbüsü hesabına alanların məqsədi ölkədən kənara çıxmaqdır. Yəni artıq ölkəyə dönməmək üzrə gedib xaricdə qalmaq, işləmək, karyera qurmağı düşünürlər və bu da təəssüflər olsun ki, kifayət qədər çox sayı əhatə edir və onların ölkə təhsilindən narazılıqları var. 
Ölkəmizdə bir neçə universitet var ki, onların təhsili uğurludur. Bunlara nümunə olaraq: Bakı Ali Neft Məktəbi, ADA Universiteti, İqtisad Universiteti, Xəzər Universitetidir. Bunlar hardasa normal təhsil verirlər, amma digərləri təhsil vermir və abituriyentlər də keyfiyyətli təhsil almaq üçün məcburdurlar ki, xarici universitetlərə üz tutsunlar”.

Aydan Beydullayeva