Baş Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət hökmündən şikayət verdi
    • 22-08-2023, 12:38
    • 78

Baş Prokurorluq sabiq bələdiyyə sədrinin bəraət hökmündən şikayət verdi

Baş Prokurorluq Səbail rayonunun sabiq bələdiyyə sədri  Əhməd Hüseynovun barəsində Bakı Ağır Cinayətlərə Məhkəməsinin bəraər hökmündən protest verib. 

Qurumun mətbuat xidmətindən News24.az-a verilən məlumatda bildirilir ki,  Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib və ona bəraət verilib.

Qeyd edək ki, Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

Samir Əli