Moskva buna görə İrəvandan İMTİNA EDƏCƏK
    • 25-08-2023, 17:42
    • 340

Moskva buna görə İrəvandan İMTİNA EDƏCƏK

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib. Lakin yenə də bu açıqlamasının fonunda o, nizamlanma çərçivəsində ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunmasının zəruriliyi barədə bəyanatlar verir.

News24.az xəbər verir ki, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı”ya müsahibəsində bildirib ki, bu, Ermənistanın substantiv danışıqlar prosesini dayandırmaq və son nəticədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmamaq üçün davam edən cəhdidir. 

“Bu gün Ermənistan beynəlxalq platformalardan, aparıcı beynəlxalq strukturlardan istifadə edərək Azərbaycanı ləkələmək, onu Ermənistan-Azərbaycan nizamlanmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham etmək cəhdlərini davam etdirir, lakin bütün bu cəhdlər sonda boşa çıxır. Ermənistan NATO-nun ona qol açacağına ümid edir. Amma bu baş verməyəcək. Ermənistana ən yaxın NATO ölkəsi Türkiyədir və İrəvanın onunla münasibətlərini müsbət adlandırmaq olmaz”, - ekspert bildirib.

Fenenko qeyd edib ki, İrəvan və ona yardım edənlərin hamısı Qarabağ məsələsini beynəlxalq aləmdə gündəmdə saxlamağa çalışır: “Onlar daim bu mövzunu gərginlik amili kimi dəstəkləməyə çalışırlar və eyni zamanda heç bir həll yolu tapmırlar. İkinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi yenə də danışıqlar xatirinə danışıqlar aparmaq Ermənistan üçün faydalıdır. Bütün bunlar Ermənistanı yeni hərbi avantüraya cəlb edə bilər. Bunun isə erməni xalqı üçün çox xoşagəlməz nəticələri olacaq”.

O əlavə edib ki, İrəvanın Moskvaya və Cənubi Qafqaza münasibəti Rusiyanın xoşuna gəlmir: “Ermənistanla NATO-nun bu qədər fəal yaxınlaşması Rusiyanı qane edə bilməz. Qərb bu balansı saxlamadığı halda Rusiya nizamlamada obyektiv vasitəçi olmağa və balansı saxlamağa çalışır. Moskva isə belə balanslı münasibətdən Bakının xeyrinə imtina edə bilər. Çünki Ermənistan həddindən artıq nümayişkaranə şəkildə Qərbə doğru irəliləyir. Bu isə o deməkdir ki, Moskva öz ərazilərinin yekun olaraq onlara qaytarılması məsələsində Azərbaycana daha açıq olacaq”.

Akqabay