Qara Qarayevdən Şəhriyarın ölümü ilə bağlı TƏSİRLİ SÖZLƏR
    • 26-08-2023, 16:20
    • 225

Qara Qarayevdən Şəhriyarın ölümü ilə bağlı TƏSİRLİ SÖZLƏR

Şəhriyarı 20 yaşımdan tanıyırdım. Həm komanda yoldaşı, həm də dost kimi dəyərli idi.

News24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi"nin futbolçusu Qara Qarayev ötən gün vəfat edən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimovun dəfn mərasimində deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, onu mərhum müdafiəçi ilə bağlayan təkcə idman deyildi: “Bizi yaxınlaşdıran həm də onun insanlığı, əxlaqı, mərifəti və insanlara qarşı olan münasibəti idi”.

Ş.Rəhimovla bağlı xatirələrini bölüşən Qarayev onun xəstə olmasını bir il bundan əvvəl öyrəndiyini söyləyib: “Xəstəliyinin bu qədər sürətlə irəlilədiyini heç birimiz bilmirdik. Dünən xəbər aldıq ki, Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu yaxınlarda söhbətimiz olmuşdu, hətta məndən forma istəmişdi. Mən öz formamı ona hədiyyə etmişdim. Türkiyədə olarkən Şəhriyara dedim ki, qayıdandan sonra mütləq görüşək. Amma qismət olmadı”.

O, Ş.Rəhimovun ölümünün futbolumuz üçün ağır itki olduğunu vurğulayıb: “Yaşı çox deyildi. Bizə həm yaxşı insan, həm mütəxəssis kimi çox lazım idi. Məkanı cənnət olsun. Ailəsinə səbir diləyirəm”.

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.